EN

Dünya Bankı qızılın qiyməti üzrə proqnozunu açıqlayıb

Dünya Bankı 2026 və 2027-ci illər üzrə qızılın qiyməti ilə bağlı proqnozlarını yüksəldib.

“APA-Economics” bu barədə Banka istinadən xəbər verir.

Proqnoza əsasən, qızılın qiymətinin 2026-cı ildə orta hesabla bir troya unsiyası üçün 4 700 ABŞ dolları olacağı gözlənilir. Bu, 2025-ci illə müqayisədə 37% artım deməkdir. Dünya Bankının əvvəlki – 2025-ci ilin oktyabr proqnozu ilə müqayisədə isə 2026-cı il üzrə qızıl qiyməti gözləntisi 1 125 dollar artırılıb.

Qızılın orta qiymətinin 2027-ci ildə isə 4 300 ABŞ dolları olacağı gözlənilir. Bu göstərici əvvəlki proqnozla müqayisədə 925 dollar yüksəkdir, lakin 2026-cı illə müqayisədə təxminən 9% azalma deməkdir.

Proqnozda qeyd olunur ki, 2026-cı ilin ilk rübündə qızıl qiymətləri kəskin artaraq fevral ayında 5 000 dolları ötüb, lakin daha sonra mənfəət realizasiyası, ETF-lərə (birja investisiya fondları) axınların zəifləməsi və faiz endirimlərinin gecikməsi gözləntiləri fonunda müəyyən qədər geriləyib.

Dünya Bankına görə, qızılın bahalaşması əsasən yüksək geosiyasi gərginlik, təhlükəsiz liman tələbinin artması və spekulyativ investisiya axınları ilə bağlıdır. Eyni zamanda, mərkəzi bankların alışları qiymətləri dəstəkləyən əsas amillərdən biri olaraq qalır.

Proqnoz dövründə investisiya tələbinin güclü qalacağı, xüsusilə qızıl təminatlı ETF-lərə axınların davam edəcəyi gözlənilir. Bununla yanaşı, yüksək qiymətlər fonunda zərgərlik tələbinin zəifləyəcəyi qeyd olunur.

Dünya Bankı vurğulayır ki, geosiyasi gərginliyin daha da artması qızıl qiymətlərini proqnozlardan yuxarı qaldıra bilər, əks halda faizlərin yüksək qalması və dolların möhkəmlənməsi qiymətlərə təzyiq göstərə bilər.

"Cebheinfo.az"

Chosen
40
3
cebheinfo.az

4Sources