EN

Azərbaycan–Çexiya enerji tərəfdaşlığı çoxtərəfli əməkdaşlıqla möhkəmlənir

Qəbələdə Prezident İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan–Çexiya biznes-forumunun keçirilməsi iki ölkə arasındakı əməkdaşlıq perspektivlərinin, bir növ, elanı oldu. Çexiya rəsmisinin 50 şirkət rəhbəri ilə ölkəmizə səfəri iqtisadi baxımdan qarşılıqlı dividendlərin əldə olunmasına xidmət etdi.

Maraqlıdır, görəsən, Avropanın beşiyindən Cənubi Qafqaz liderinə olan marağın kökündə başqa hansı səbəblər dayanır? Aydındır ki, Azərbaycan “sabitlik adası”dır, ölkəmiz Çexiyanın da daxil olduğu Avropa İttifaqının bir çox üzvünü enerji ilə təmin edir, ölkə başçısının dediyi kimi, 2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir... Bütün bunlar Çexiyanın ölkəmizə marağının səbəblərindən, sadəcə, bir neçəsidir.

Ümumiyyətlə, geniş vizyona sahib olan ölkələr “qazan-qazan” prinsipi ilə öz iqtisadi şaxələndirilmələrini reallaşdırırlar. Yəni hər hansı bir ölkəyə qoyulan yatırımın geri dönüşü ilə bərabər, həmin ölkənin qlobal nizamdakı nüfuzu və əldə etdiyi uğurlar da qərarvermədə mühüm rol oynayır. Bu məqamda ölkə başçısının sadaladığı digər üstünlüklərimizi xatırlatmaq yerinə düşər. Belə ki, hazırda Azərbaycanın xarici borcu ÜDM-in cəmi 6,1 faizini təşkil edir. Hansı ki, inkişaf etmiş dövlətlərdə bu rəqəm olduqca yuxarıdır. Yəni ölkə borc baxımından potensial təhlükələrdən olduqca uzaqdır. Həmçinin, ölkəmizin investisiya qoyuluşu sahəsində olduqca müsbət portfeli mövcuddur. Azərbaycana sərmayə kimi 350 milyard ABŞ dolları yatırılmışdır və onun, demək olar ki, yarısı xarici tərəfdaşlardan daxil olmuşdur.

Prezident İlham Əliyev biznes-forumda çıxışı zamanı maraqlı bir məqamı da xatırlatdı. Söhbət ötən il iyulun 3-də “Moody’s Ratings” beynəlxalq reytinq agentliyinin ölkəmizin suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozunu “müsbət” saxlamasından gedir. Reytinq üzrə proqnozun "müsbət" saxlanılması o deməkdir ki, beynəlxalq maliyyə dünyası Azərbaycanın iqtisadi islahatlarının davamlılığına və gələcək potensialına tam etibar edir.

Moody’s-in bu qərarı Azərbaycanın xarici şoklara qarşı nümayiş etdirdiyi möhkəm dayanıqlığa əsaslanır. Məlumdur ki, ölkənin aşağı borc yükü, toplanmış nəhəng valyuta ehtiyatları Azərbaycanı regionun ən sabit maliyyə sisteminə malik dövlətlərindən birinə çevirib. Hesabat dövründə Mərkəzi Bankın və ARDNF-nin cəmi valyuta ehtiyatlarının 85 milyard dollara çatması iqtisadi təhlükəsizliyin ən böyük zəmanətidir.

Digər tərəfdən, pul-kredit siyasətinin təkmilləşdirilməsi, dövlət maliyyə idarəçiliyində şəffaflığın artırılması və rəqəmsallaşma sahəsindəki irəliləyişlər də beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Bununla yanaşı, Azərbaycanın coğrafi mövqeyi bu gün iqtisadi dividendlər gətirir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca yükdaşımaların illik 36 faiz artması ölkəmizin regionda əsas nəqliyyat mərkəzi statusunu möhkəmləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün 25 milyon tona çatdırılması hədəfi və sənədləşmə müddətinin 9 saatdan 40 dəqiqəyə endirilməsi logistika sektorunun cəlbediciliyini artırır.

İnvestorlar üçün ən cəlbedici nöqtələrdən biri olan Ələt Azad İqtisadi Zonası fəaliyyətini genişləndirir. Bu çərçivədə işlər daha da genişlənir. Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə zonanın ərazisinə əlavə 1453 hektar torpaq sahəsinin ayrılması bu layihəyə olan dövlət dəstəyinin bariz nümunəsidir. Burada fəaliyyət göstərən sahibkarlar korporativ vergilərdən, gömrük rüsumlarından və ƏDV-dən tam azaddırlar ki, bu da yüksək texnologiyalı istehsal sahələrinin yaradılması üçün unikal imkanlar təqdim edir.

Azərbaycanın yeni “Viza Kartı” kimi dəyərləndirilən, iqtisadiyyatın şaxələndirilməsi strategiyasında “yaşıl enerji” xüsusi yer tutur. Ölkəmiz 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı hədəfləyir. “Masdar” və “ACWA Power” kimi dünya nəhəngləri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası və 240 MVt-lıq Xızı-Abşeron Külək Elektrik Stansiyası Azərbaycanı bərpaolunan enerji ixracatçısına çevirilməsində müstəsna rol oynayır.

Xəzər dənizindən Avropaya “yaşıl enerji” daşıyacaq "Qara dəniz sualtı kabeli" layihəsi artıq Avropa İttifaqı tərəfindən "Qarşılıqlı Maraq Doğuran Layihə" (PMI) statusu alıb. 1195 kilometr uzunluğundakı bu kabel Azərbaycanın “yaşıl enerji”sini birbaşa Rumıniya və Macarıstana çatdıracaq ki, bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artıracaq. Məhz bu kimi amillər ölkəmizin beynəlxalq reytinq agentlikləri tərəfindən müsbət rəy almasına səbəb olur.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması da Azərbaycan iqtisadiyyatı üçün yeni və nəhəng bir daxili investisiya dalğası yaradıb. 2021-2024-cü illərdə bu bölgələrin bərpasına 12 milyard manatdan çox vəsait ayrılıb. Digər tərəfdən, Ağdam Sənaye Parkında, “Araz Vadisi İqtisadi Zonası”nda aktivliyin müşayiət olunması da sözügedən prosesə ciddi təkan verib. İnvestorlar üçün Qarabağda tətbiq edilən güzəştlər misilsizdir. Təsadüfi deyil ki, işğaldan azad edilən ərazilərimizə investisiya yatırmaq istəyən sahibkarlar üçün müxtəlif vergi güzəştləri, avadanlıq və xammal idxalında tam azadlıq, istehsal sahələri üçün istifadə olunan elektrik enerjisi, qaz və su xərclərinin 20 faizinin dövlət tərəfindən ödənilməsi kimi yardımlar da edilir.

Yəni Moody’s-in investisiya səviyyəli “Baa3” reytinqi məhz sadalanan keyfiyyətlərdən ötrü Azərbaycana layiq görülüb. Bu reytinq dünyanın ən böyük pensiya və sığorta fondlarının Azərbaycan bazarına yolunu açır. Şaxələndirilmiş iqtisadiyyat, güclü valyuta ehtiyatları, şəffaf idarəetmə və “yaşıl enerji” mərkəzi statusu Azərbaycanı 2030-cu ilin hədəflərinə doğru inamla aparır.

Çexiyaya gəldikdə isə iki ölkə arasındakı iqtisadi aktivliyin pilləli artımı üçün qarşılıqlı fəaliyyət daha da güclənəcək. Ümumiyyətlə, Baş nazirin bildirdiyi kimi, 2025-ci ildən indiyədək ticarət dövriyyəsi 1,75 milyard avro təşkil etmişdir və bu, əsasən xam neftin təchizinə görə olmuşdur. Lakin gələcəkdə şaxələndirmə üçün böyük potensial mövcuddur.

Cari ilin yanvar-mart aylarında isə Azərbaycanla Çexiya arasında ticarət əməliyyatlarının həcmi 195,7 milyon ABŞ dolları təşkil edib. Çexiya ilə ticarət dövriyyəsinin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 2,08 faiz təşkil edib. Beləliklə, Rumıniya Azərbaycanın həmin dövr ərzində ən çox ticarət əməliyyatları apardığı ölkələr arasında 9-cu yeri tutub. Həmiçinin, sözügedən müddətdə Azərbaycandan Çexiyaya 185,6 milyon dollar dəyərində məhsul ixrac olunub.

Hazırkı göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə daha az təşkil etsə də, Çexiya Baş nazirinin ölkəmizə səfərindən sonra bu dinamikanın daha da artacağına olduqca böyük inam var. Nəzərə alsaq ki, 42 faiz göstəricisi ilə Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır. Gələcəkdə qazın da alışı ilə bu rəqəmlər daha da arta bilər.

Nurlan ABDALOV
XQ

Chosen
31
1
xalqqazeti.az

2Sources