Səyyar gömrük auditinin nəticələri üzrə hansı qərarın çıxarılması halları müəyyənləşir.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, səyyar gömrük auditinin nəticələrinə dair materiallara 10 gün müddətində baxılaraq aşağıdakı qərarlardan biri qəbul ediləcək:
- şəxsin gömrük qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
- şəxsin gömrük qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;
- səyyar gömrük auditi üzrə əlavə tədbirlərin keçirilməsi;
- əvvəlki səyyar gömrük auditinin nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması;
- əvvəlki səyyar gömrük auditinin nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişiklik edilməsi;
- yeni qərarın qəbul edilməsi.
Şəxsin gömrük qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qəbul edilmiş qərarda səyyar gömrük auditi zamanı aşkarlanmış pozuntular, bu faktı təsdiq edən sənəd və məlumatlar, şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, məsuliyyət tədbirlərini nəzərdə tutan normativ hüquqi aktın adı və müvafiq struktur elementləri göstərilməlidir.
Səyyar gömrük auditinin nəticələrindən asılı olaraq çıxarılmış qərar əsasında 10 (on) gündən gec olmayaraq aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tələbnamə göndərilir.
Səyyar gömrük auditinin nəticələrinə dair qəbul edilmiş qərarın surəti və tələbnamə şəxsə və ya onun nümayəndəsinə "İnzibati icraat haqqında" Qanuna uyğun olaraq təqdim edilir.