"Yaz allergiyası dediyimiz əslində orqanizmin bir mübarizəsidir. Bu, immun sistemimiz üçün zərərsiz olan bir maddəyə, yəni zərərsiz bir tozcuğa qarşı orqanizmin artıq verdiyi cavab reaksiyasıdır. Xüsusən bu fəsildə allergiya ilə bağlı şikayətlər arta bilər. Bunun da səbəbi hava şəraitinin dəyişməsi, tozcuqların havada artması ilə əlaqədardır".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva dedi.
Onun sözlərinə görə, Azərbaycanda mart-aprel aylarında qovaq, çinar, fındıq ağaclarının tozcuqları havada daha da artır:
"Bundan sonrakı aylarda isə may, iyun aylarında otlar, çəmən otlarının tozcuqları ilə bağlı şikayətlərdə artım görülə bilər. Allergiya zamanı orqanizmimiz kənar maddəyə qarşı mübarizəyə başlayır, ifraz olunan maddələr isə simptomatika verir. Burun axıntısı, burunda qaşınma hissi, tutulma hissi, gözlərdə qaşınma hissi, bəzən qulaqlarda dolğunluq hissi, nəfəs almanın çətinləşməsi, sinədə sıxıntı hissi, gecə yatarkən sinədə xışıltı kimi əlamətlər allergiyanın göstəricisidir".
NURİYYƏ