Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Dürüst olacam, allergiyanı tam yox etmək mümkün deyil. Lakin bu, allergiya ilə yaşamağa məhkumuq demək də deyil. Allergiyanı müalicə etmək mümkündür, allergiyanı azaltmaq mümkündür. Xüsusən allergendən uzaq durmaq mümkündür".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva bildirdi.
Həkimin sözlərinə görə, müalicəsində həm dərman preparatları ilə müalicə mümkündür, həm də allergenlə immunoterapiya mümkündür:
"Bu, tam müalicə etməsə də, uzun müddət dərman ehtiyacı olmadan, yəni allergiyasız yaşamağa şərait yaradan bir metoddur. Qısaca izah etsəm, xırda-xırda allergenə bədənin öyrəşməsi baş verir və 60-80 faiz hallarda həmin pasiyentdə 3-5 il ərzində allergenə reaksiya olmur. Yəni allergiya hiss etmirlər, simptomları olmur. Ona görə çox yaxşı bir müalicə metodudur. Amma burada allergenin dəqiq təyin olunması çox önəmlidir. Çünki bəzi hallarda çarpaz reaksiyalar ola bilir. Məsələn, deyək ki, bizim palıd ağacının tozcuğuna allergiyamız var. O, çarpaz olaraq hansısa bir qida ilə oxşarlıq, genetik oxşarlıq təşkil etdiyi zaman biz çiy qidalardan, məsələn qoz, fındıq, almaya da reaksiya verə bilirik. Bu zaman yanlış çarpaz reaksiyalar ola bilir. Ona görə düzgün allergenlə aparılması əhəmiyyətlidir".
Həkim ev şəraitində allergiyanın müalicəsindən də bəhs etdi:
"Ev şəraitində diqqətli olmalıyıq. Nə etməliyik? Evin havalandırılması, nəmliyin normal olması vacibdir. Xüsusilə toz indeksi yüksək olduğu zaman pəncərələr bağlı olmalıdır. Çöldən evə gəldiyi zaman allergiyası olan şəxs burnunu yumalıdır, duş qəbul etməlidir ki, bədənindən allergenlər yuyulsun. Geyimini dəyişməlidir. Yataq örtükləri həftədə bir dəfə qaynar su ilə yuyulmalıdır. Balış üzləri tükkeçirməz materialdan olmalıdır. Məsələn, divardan asılan xalçalar olmamalıdır, yerdə çox yun xalçalar da olmamalıdır. Bunlara diqqət yetirsələr, kifayət qədər allergiyanın qarşısını almış olacaqlar".
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.