EN

Sosial şəbəkə səhifələrindən alış-veriş zamanı BUNLARA MÜTLƏQ ƏMƏL EDİN

"İstehlakçılar mümkün qədər rəsmi ünvanı və fiziki anbarı olan satıcılardan alış-veriş etsinlər".

Bunu Day.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O, sosial şəbəkə səhifələrindən alış-veriş zamanı insanları gözləyən mümkün təhlükələr və onlardan qorunmağın yollarından danışıb. 

Sədr bildirib ki, Ümumdünya İstehlakçı Hüquqları Təşkilatı bu ilin 15 mart tarixində "Rəqəmsal dünyada istehlakçı problemləri" devizini elan edib.

"Bu yanaşma təsadüfi deyil, çünki rəqəmsal mühit artıq istehlakçı davranışlarını ciddi şəkildə dəyişdirib və klassik ticarətlə onlayn ticarət arasında güclü rəqabət formalaşdırıb. Onlayn ticarətin sürətlə genişlənməsi istehlakçı üçün həm rahatlıq, həm də yeni risklər yaradır.

Beynəlxalq məlumatlara əsasən, onlayn ticarət sahəsində istehlakçı hüquqlarının pozulması halları artmaqdadır. Məsələn, onlayn satılan dərmanların təxminən 70 faizinin saxta olduğu bildirilir. Ümumilikdə isə bu sahədə müxtəlif problemlər müşahidə olunur: ödəniş edildikdən sonra malın göndərilməməsi, göndərilən məhsulun sifarişə uyğun olmaması və ya dəyişdirilmə-qaytarılma prosesində yaranan çətinliklər", - o qeyd edib.

E.Hüseynov vurğulayıb ki, digər geniş yayılmış problem daşınma zamanı məhsulların zədələnməsidir:

"Xüsusilə texniki avadanlıqların istehlakçıya xarab vəziyyətdə çatdırılması halları tez-tez qeydə alınır. Praktik şikayətlər arasında sifariş edilən məhsulun tamamilə fərqli və ya keyfiyyətsiz alternativlə əvəz olunması da var. Bu kimi hallar xüsusilə beynəlxalq onlayn platformalardan edilən sifarişlərdə daha çox müşahidə edilir.

İstehlakçılar mümkün qədər rəsmi ünvanı və fiziki anbarı olan satıcılardan alış-veriş etsinlər. Ödəniş və sifariş qəbzləri mütləq saxlanılmalı, hər hansı problem yarandıqda isə müvafiq qurumlara müraciət edilməlidir. Qida və içki məhsullarının alınmasında isə xüsusilə diqqətli olmaq vacibdir, çünki keyfiyyətsiz məhsullar sağlamlıq üçün ciddi risk yarada bilər. Problemlərlə qarşılaşan vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər", - o deyib.

Nəsimi Ələsgərli

Chosen
57
day.az

1Sources