EN

Bakı-Ankara strateji ittifaqı – yeni mərhələ niyə ləngiyir?

Politoloqa görə, yeni mərhələnin reallaşmasını yubanma kimi yox, reallığa adekvat yanaşma kimi qəbul etmək lazımdır

Azərbaycan-Türkiyə münasibətləri uzun illərdir “Bir millət, iki dövlət” prinsipi üzərində qurulsa da, son dövrdə bu münasibətlərin mahiyyəti keyfiyyətcə dəyişib. Əgər əvvəllər daha çox siyasi dəstək və qardaşlıq ritorikası ön planda idisə, indi proses açıq şəkildə institusional və çoxşaxəli strateji ittifaq modelinə doğru inkişaf edir. Bu transformasiyanın əsas bazası isə 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi oldu. Həmin sənəd münasibətləri faktiki olaraq müttəfiqlik səviyyəsinə qaldırdı və yeni mərhələnin hüquqi əsasını formalaşdırdı.

Bu gün artıq iki ölkə arasında hərbi əməkdaşlıq sadəcə formal tərəfdaşlıq çərçivəsini çoxdan geridə qoyub. Birgə hərbi təlimlər, müdafiə sənayesində inteqrasiya və texnologiya mübadiləsi Azərbaycanın təhlükəsizlik arxitekturasında Türkiyənin rolunu daha da artırıb. Xüsusilə pilotsuz uçuş aparatları və müasir hərbi texnologiyaların tətbiqi regionda güc balansını dəyişdirən əsas faktor kimi çıxış edir. Bu mənada, Bakı və Ankara arasında münasibətlər getdikcə klassik müttəfiqlik modelinə yaxınlaşır.

Eyni zamanda iqtisadi sahədə də dərinləşmə müşahidə olunur. Orta dəhliz layihəsi çərçivəsində Azərbaycan və Türkiyə Avropa ilə Asiyanı birləşdirən əsas tranzit xətlərindən birini formalaşdırmaq niyyətindədir. Bu isə təkcə nəqliyyat və logistika deyil, həm də enerji, investisiya və ticarət sahələrində koordinasiyanın güclənməsi deməkdir. Artıq tərəflər sadəcə tərəfdaş kimi yox, birgə iqtisadi maraqlar üzərində hərəkət edən aktorlar kimi çıxış etməyə başlayır.

Siyasi müstəvidə isə daha maraqlı bir tendensiya formalaşır: koordinasiyalı xarici siyasət. Azərbaycan və Türkiyə beynəlxalq platformalarda getdikcə daha çox ortaq mövqe nümayiş etdirir. Bu, xüsusilə Cənubi Qafqaz və Yaxın Şərqdə baş verən proseslərə yanaşmada özünü açıq şəkildə göstərir. Belə bir sinxronlaşma artıq diplomatik dəstəkdən daha irəli gedərək, vahid siyasi xəttin formalaşmasına işarə edir.

Bütün bu faktorlar onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri yeni – daha dərin və kompleks mərhələyə daxil olmalıdır. Bu mərhələnin əsas xüsusiyyəti hərbi, iqtisadi və siyasi sahələrdə paralel inteqrasiyanın güclənməsidir. Lakin bu prosesin tam hərbi-siyasi ittifaqa çevrilməsi ləngiyir. Belə görünür ki, regionda digər güclərin maraqları, geosiyasi balansın qorunması zərurəti və Azərbaycanın çoxvektorlu siyasəti bu prosesi müəyyən çərçivədə saxlayır.

Mütəllim

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a söylədi ki, Azərbaycan-Türkiyə münasibətləri şüarçılıqdan əməli mərhələyə qədəm qoyub: “Artıq tərəflər siyasi, hərbi və iqtisadi maraqlarını uzlaşdırmaqla paralel addımlar atmaqdadırlar. Əvvəllər səsləndirilən və qulağa xoş gələn bəyanatlar və çağırışlar daha çox ictimai fikirdə yaxınlaşma və uyğunlaşma yaradırdısa, indi həyata keçirilən işlər reklamı sevmir. İki ölkə xalqları arasında münasibətlər kifayət qədər yaxşıdır. Artıq onlar arasında anlaşılmazlıq yaratmaq cəhdləri iflasa məhkumdur. Həm getdikcə dərinləşən əməkdaşlığı dayandırmaq mümkün deyil. Heç kimin buna gücü çatmaz.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə arasında münasibətləri strateji müttəfiqliyə çevirdi. Artıq iki ölkə beynəlxalq münasibətlərdə vahid mövqedən çıxış edir. İstənilən beynəlxalq tədbirlərdə Azərbaycanın iştirakı Türkiyənin də təmsil olunması deməkdir, eyni zamanda da əksinə. Regionda son zamanlar baş verən hadisələr prosesə ehtiyatlı və həmçinin obyektiv, milli maraqlar baxımından yanaşmanı diktə edir. Bəzən münasibətlərdəki yekdilliyin nümayişi əks tərəfdə qıcıq və doğru olmayan reaksiyalar formalaşdırır. Ona görə də indi danışmaqdan və reklamdan daha çox pərdənin arxa tərəfində uzlaşdırılmış fəaliyyət daha effektlidir. Azərbaycanla Türkiyə hazırda bunu da prioritet götürür. Ona görə də Bakı-Ankara arasında yeni mərhələnin reallaşmasını yubanmaq kimi yox, reallığa adekvat yanaşma kimi qəbul etmək lazımdır”.

Trampın

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Bakı ilə Ankara arasında münasibətlərin son illərdə keçdiyi transformasiya, bu münasibətlərin müttəfiqlikdən funksional və çoxşaxəli strateji ittifaqa doğru irəlilədiyini göstərir: “2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu prosesin hüquqi və siyasi çərçivəsini müəyyənləşdirdi və faktiki olaraq münasibətləri yeni mərhələyə çıxardı. Buna baxmayaraq, nəzəri baxımdan artıq formalaşmış kimi görünən bu ittifaq modelinin praktikada tam hərbi-siyasi blok səviyyəsinə yüksəlməsi müşahidə edilmir. Bu ləngimə isə təsadüfi deyil və bir neçə struktur amillə izah olunur. Əsas səbəblərdən biri regionun mürəkkəb geosiyasi balansıdır. Cənubi Qafqaz hələ də müxtəlif güc mərkəzlərinin, yəni Rusiya, İran və Qərb aktorlarının maraqlarının kəsişdiyi bir məkan olaraq qalır. Azərbaycan bu reallığı nəzərə alaraq öz xarici siyasətini mümkün qədər balanslaşdırılmış şəkildə qurmağa çalışır. Tam formatlı hərbi-siyasi ittifaqa keçid isə bu balansı poza və Bakını müəyyən blok qarşıdurmasının açıq tərəfinə çevirə bilər. Bu isə Azərbaycanın uzun illərdir qoruduğu çoxvektorlu siyasət kursu ilə ziddiyyət təşkil edir.

Odur ki, hərbi sahədə inteqrasiyanın sürətinə baxmayaraq, bu prosesin də müəyyən hədləri var. Birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı və texnologiya transferi ciddi nəticələr doğurur, lakin vahid komanda-struktur sisteminə keçid və ya kollektiv müdafiə mexanizmlərinin tam tətbiqinin müşahidə olunmaması da səbəbsiz deyil. Bunun səbəbi təkcə siyasi ehtiyatlılıq deyil, həm də regionda hərbi eskalasiya risklərinin idarə olunması zərurətidir. Açıq hərbi bloklaşma digər regional aktorları daha sərt reaksiyalara sövq edə bilər”.

Politoloq iqtisadi sahədə də oxşar vəziyyətin müşahidə olunduğunu qeyd etdi: “Orta dəhliz kimi təşəbbüslər Azərbaycan və Türkiyəni strateji tərəfdaşa çevirsə də, bu sahədə inteqrasiyanın institusional dərinliyi hələ Avropa İttifaqı tipli modellərlə müqayisə edilə biləcək səviyyədə deyil. Bunun üçün daha koordinasiyalı iqtisadi siyasət, vahid tənzimləmə mexanizmləri və uzunmüddətli institusional çərçivə tələb olunur ki, bu da zaman alan prosesdir. Nəhayət, Türkiyənin özünün qlobal və regional prioritetləri də bu ləngiməyə təsir edir. Ankara paralel olaraq NATO öhdəlikləri, Yaxın Şərq siyasəti və digər geosiyasi istiqamətlər arasında balans qurmağa çalışır. Bu isə Azərbaycanla münasibətlərin nə qədər strateji olsa da, onların tam hərbi-siyasi ittifaq səviyyəsinə yüksəlməsini müəyyən qədər məhdudlaşdırır.

Bütün bunların fonunda aydın olur ki, Bakı-Ankara xəttində yeni mərhələnin ləngiməsi əslində geriləmə deyil, daha çox nəzarətli və ölçülüb-biçilmiş inkişaf strategiyasının nəticəsidir. Tərəflər tələsik və riskli addımlar atmaq yerinə, mövcud əməkdaşlığı mərhələli şəkildə dərinləşdirməyə üstünlük verirlər. Bu isə uzunmüddətli perspektivdə daha dayanıqlı və balanslaşdırılmış ittifaq modelinin formalaşmasına xidmət edə bilər. Yəni başqa sözlə desək, Azərbaycan və Türkiyə arasında və gələcəkdə Türk dövlətləri arasında hərbi ittifaq qaçılmaz prosesdir, amma bu prosesin uğuru və dayanıqlılığı üçün uzunmüddətli fəaliyyət tələb olunur”.

Musavat.com

Chosen
28
1
editor.az

2Sources