EN

Kiyevdən Tel-Əvivə sərt ismarış: "Emosional bəyanatları kənara qoyun, hüquqa cavab verin"

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İsrail limanına daxil olan "PANORMITIS" gəmisi ilə bağlı Tel-Əviv rəhbərliyinə kəskin xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Ukrayna tərəfi sözügedən gəminin işğal olunmuş ərazilərdən qanunsuz çıxarılan taxılı daşıdığını iddia edərək, İsrailə rəsmi diplomatik və hüquqi kanallar vasitəsilə müraciət ünvanlayıb.

Sibiqa "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, Ukrayna Baş Prokurorluğu İsrail hakimiyyətinə gəminin həbsi ilə bağlı beynəlxalq hüquqi yardım sorğusu göndərib. "Bu, hər hansı 'Twitter diplomatiyası' deyil, konkret hüquqi sənəddir və rəsmi cavab tələb edir", — deyə nazir vurğulayıb. O, İsrail tərəfini məsələyə emosional bəyanatlarla deyil, beynəlxalq hüquq müstəvisində ciddi yanaşmağa çağırıb. Məlumata görə, "PANORMITIS" gəmisi beynəlxalq hüququ və Ukrayna qanunvericiliyini pozaraq müvəqqəti işğal olunmuş ərazilərdəki qapalı portlardan taxıl daşımaqda şübhəli bilinir. Ukrayna tərəfi İsraildən gəmiyə və yükə həbs qoyulmasını, sənədlərin yoxlanılmasını və heyətin dindirilməsini tələb edir.

Bu hadisə son aylarda iki ölkə arasında taxıl ticarəti ilə bağlı yaranmış gərginliyi daha da dərinləşdirib. Rəsmi Kiyev İsrailin bu cür yükləri qəbul etməsini "maddi sübutları görməzdən gəlmək" kimi qiymətləndirir və bunun ikitərəfli münasibətlərə xələl gətirə biləcəyi barədə xəbərdarlıq edir.

Hazırda İsrailin bu hüquqi sorğuya verəcəyi rəsmi reaksiya beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.

Musavat.com

Chosen
65
musavat.com

1Sources