EN

Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub  

Prezident İlham Əliyev tərəfindən sel və daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı imzalanmış son sərəncam, dövlətin vətəndaşlara yönəlik sosial siyasətinin ardıcıl və çevik şəkildə davam etdirildiyini bir daha təsdiqləyir. Xüsusilə qeyd etmək lazımdır ki, bu qərar yalnız mövcud problemlərin aradan qaldırılmasına deyil, eyni zamanda gələcək risklərin azaldılmasına hesablanmış kompleks yanaşmanı özündə ehtiva edir.

Milli Məclisdə təmsil etdiyim bölgələrin də bu sərəncam çərçivəsində əhatə olunması xüsusi əhəmiyyət daşıyır. Çünki son dövrlərdə baş verən intensiv yağıntılar nəticəsində bəzi yaşayış məntəqələrində evlərə, təsərrüfatlara və infrastruktur obyektlərinə ciddi ziyan dəyibdir. Ayrılan vəsait hesabına zərər çəkmiş vətəndaşların evlərinin bərpası, yeni fərdi yaşayış evlərinin tikintisi, eləcə də yol, elektrik və su təchizatı kimi mühüm infrastrukturun yenidən qurulması insanların gündəlik həyatına müsbət təsir göstərəcək.

Bu sərəncamın ən mühüm cəhətlərindən biri onun operativliyi və konkret nəticələrə hesablanmasıdır. Dövlət başçısının birbaşa tapşırığı ilə vəsaitin qısa müddətdə ayrılması və icra mexanizmlərinin dərhal işə salınması göstərir ki, Azərbaycanda vətəndaşların problemlərinə biganə yanaşma yoxdur. Əksinə, hər bir müraciət, hər bir problem dövlət səviyyəsində diqqətlə qiymətləndirilir və çevik qərarlar qəbul olunur.

Digər tərəfdən, bu addım yalnız cari ziyanın aradan qaldırılması ilə məhdudlaşmır. İstinad divarlarının tikintisi, drenaj sistemlərinin təkmilləşdirilməsi, su ötürücü xətlərin möhkəmləndirilməsi kimi qabaqlayıcı tədbirlər gələcəkdə oxşar halların təsirinin minimuma endirilməsinə xidmət edəcək. Bu isə iqlim dəyişikliklərinin təsirləri fonunda ölkəmizin dayanıqlılığının artırılması baxımından olduqca vacibdir.

Ümumilikdə bu sərəncam bir daha sübut edir ki, Azərbaycan dövləti üçün əsas prioritet vətəndaşın yüksək rifahı, təhlükəsizliyi və sosial müdafiəsidir. Heç bir vətəndaş təbii fəlakətlər qarşısında tək qalmır və dövlət hər zaman onların yanındadır.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

 

Chosen
38
2
sabahinfo.az

3Sources