ain.az, Avtosfer saytına istinadən bildirir.
Azərbaycan turizm sektorunda ciddi narazılıq dalğası yaranıb.
Avtosfer.az xəbər verir ki, Türkiyə uçuşları üzrə inhisarçı mövqedə olan “Summer Tour Azərbaycan” MMC şirkəti artıq satılmış və müştərilərə təqdim edilmiş tur paketləri üzrə sonradan əlavə ödəniş tələb etməyə başlayıb. Söhbət hər turist üçün əlavə 65 ABŞ dolları məbləğindən gedir. Şirkətin yaydığı elana əsasən, indiyədək satılmış və artıq pulu ödənilmiş Türkiyə turları üzrə hər bir səyahətçi üçün 65 dollar əlavə ödənilməlidir.
Bu qərar adambaşına tur qiymətini təxminən 100 manat artırmaqla yanaşı, erkən rezervasiyadan istifadənin gətirdiyi üstünlüyü faktiki olaraq aradan qaldırır.
«Summertour» şirkəti bu addımı dünyadakı mövcud iqtisadi vəziyyət və yanacaq qiymətinin artması ilə əlaqələndirib. «Summertour»un turizm şirkətlərinə göndərdiyi açıqlamasında deyilir ki, dünya üzrə mövcud iqtisadi vəziyyət və yanacaq qiymətlərində baş verən ciddi qiymət artımları və çatışmazlığı səbəbi ilə bütün havayolları tərəfindən aviabilet qiymətlərinə dəyişikliklər edilmişdir. Bununla əlaqədar olaraq:
1. 26.04.2026-cı il tarixinədək (həmin tarix daxil olmaqla) edilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən sonra olan bütün rezervasiyalar üzrə hər sərnişin üçün yanacaq xərci əlavəsi olaraq 65 (altmış beş) ABŞ dolları məbləğində (kommissiya daxil) əlavə ödəniş tətbiq ediləcəkdir;
2. 27.04.2026-cı il tarixindən (həmin tarix daxil olmaqla) sonra edilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən etibarən olan bütün rezervasiyalar üzrə isə qeyd olunan yanacaq əlavəsi artıq aviabilet qiymətlərinə daxil edilmişdir.
“Summer Tour Azərbaycan” şirkəti turizm şirkətlərinə bildirib ki, onunla bağlanmış Agentlik müqaviləsinin 1 və 2 saylı əlavələrinin qoşmaları ilə təsdiq edilmiş Agentlə Turist arasında imzalanmalı olan müqavilə formasının 2.3.5-ci bəndinə əsasən, şəraitdə obyektiv dəyişikliklər baş verdikdə Agentin turizm xidmətlərinin ilkin razılaşdırılmış dəyərini yüksəltmək hüququ vardır. Həmin müqavilə formasının 5.3.3-cü bəndinə əsasən, səyahətin qiymətinin nəqliyyat vasitələrinin yol qiymətlərinin yüksəlməsi ilə əlaqədar qalxdığı zaman Agent Turist qarşısında məsuliyyət daşımır” – deyə bildirilir.
“Summer Tour Azərbaycan” MMC hesab edir ki, müqavilədə göstərilən vəziyyət artıq yaranıb və bu da əlavə ödəniş tutmaq üçün əsas verir.
Şirkətin bu qərarı Azərbaycanın turizm sektorunda, xüsusilə Türkiyə turları bazarında sözün əsl mənasında şok effekti yaradıb. Agentliklər bildirir ki, turistlərə satılmış paketlərin qiymətini sonradan artırmaq nə etik, nə də praktik cəhətdən düzgün deyil: «Çünki müştəri artıq ödəniş edib və əlavə pul tələb edilməsi birbaşa olaraq şirkətlərin öz cibindən zərər ödəməsi deməkdir».
Sektor nümayəndələrinin sözlərinə görə, bu qərar xüsusilə böyük satış həcmi olan agentlikləri ciddi maliyyə riski ilə üz-üzə qoyur. “Bu vəziyyət davam etsə, bir çox agentlik faktiki olaraq zərərə işləyəcək və bəziləri fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər” – deyə bəzi bazar iştirakçıları bildirir.
Amma qərarın özündən daha çox müzakirə olunan məqam onun qüvvəsinin geriyə tətbiq edilməsidir. Agentliklər hesab edir ki, qiymət artımı yalnız yeni rezervasiyalara şamil oluna bilər. Artıq bağlanmış satışlara sonradan müdaxilə isə bazar qaydalarına ziddir və turizm sektorunda etibar böhranı yaradır./fed.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.