EN

Azərbaycan və Merakeş prokurorluqları arasında hüquqi bazasının daha da dərinləşdirilməsi müzakirə edilib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb.

Bu barədə Missiya.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Mərakeş Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Mohammad Abdenabaoui arasında görüş keçirilib.

Görüş zamanı ölkələrin hüquq sistemləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə olunub.

Səfər çərçivəsində, həmçinin nümayəndə heyəti ilə Mərakeş Krallığının ədliyyə naziri Abdullatif Ouahbi arasında geniş tərkibdə ikitərəfli görüş keçirilib.

Ölkəmizə daha öncəki səfərini məmnunluqla xatırlayan nazir hər sahədə əsaslı inkişafın şahidi olduğunu bildirib. Tərəflər görüş zamanı Azərbaycan Respublikası və Mərakeş Krallığının müxtəlif qurumları, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf tempindən məmnunluğunu ifadə edib, qurumlar arasında əməkdaşlığın hüquqi bazasının daha da dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) mənzil-qərargahında olub, təşkilatın Baş direktoru doktor Salim Al Maliklə görüşüb, həmçinin mənzil-qərargahda yerləşən, Məhəmməd peyğəmbərin həyatına həsr olunmuş muzeyi ziyarət edib.

Görüşdə ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi mühüm töhfələr məmnunluqla qeyd olunub, xüsusilə qurumun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətinin İslam dünyasının mədəni abidələrinin, mənəvi irsinin qorunması və təbliğində mühüm rol oynadığı vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Mərakeş Krallığının yerli televiziya və mətbuat qurumlarına müsahibə verib. O qeyd edib ki, bu xarakterli səfərlər cinayətkarlığa qarşı mübarizədə ortaq çətinliklərin müəyyən edilməsi və buna uyğun effektiv cavab tədbirlərinin hazırlanması üçün təcrübənin bölüşdürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan hazırkı səfər transmilli mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə sahələrində, eləcə də hüquq sisteminin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən islahatlarla yaxından tanış olmağa əlverişli imkan yaradıb.

Bununla yanaşı, birgə beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı da müvafiq müzakirələr aparılmış və irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi qərara alınıb.

Görüşlərdə ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov da iştirak edib.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Chosen
33
4
missiya.az

5Sources