EN

İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - VİDEO

"Heç bir idman qidası və ya bioloji aktiv qida məhsulu sağlam və balanslaşdırılmış qidalanmanı əvəz edə bilməz".  

Adalet.az xəbər verir ki, bu sözləri Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, tibb elmləri doktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, orqanizmin normal fəaliyyəti üçün zəruri olan qida maddələrinin təbii yollarla — balıq, toyuq, digər təbii məhsullar, meyvə və tərəvəzlər vasitəsilə qəbul edilməsi, eyni zamanda düzgün yuxu rejimi və aktiv həyat tərzinin qorunması əsas şərtlərdən biridir. 

Professor qeyd edib ki, bu tip məhsulların nəzarətsiz və normadan artıq istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Belə ki, hipertoniya riskinin artması, ürək ritm pozuntuları, metabolik dəyişikliklər və hətta böyrək çatışmazlığı kimi ağır fəsadların yaranma ehtimalı mövcuddur.

G. Dadaşova gənclərə müraciət edərək vurğulayıb ki, idman qidalarından istifadə yalnız həkim nəzarəti altında həyata keçirilməlidir. Bu məhsulların peşəkar idmançılar tərəfindən istifadəsi isə yalnız mütəxəssis tövsiyəsi ilə və məhdud miqdarda olmalıdır.

Sonda qeyd olunub ki, sağlamlığın qorunmasının əsasını düzgün və balanslaşdırılmış qidalanma, sağlam həyat tərzi və fiziki aktivlik təşkil edir.

 

Chosen
33
adalet.az

1Sources