ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
“Bakı Metropoliteni” QSC Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev dövlət proqramının bir hissəsi olaraq, 2030-cu ildə “Nizami” stansiyasının yaxınlığında “B-5” stansiyasının tikiləcəyini bəyan edib.
Stansiya Mərkəzi Parkın altında yerləşəcək və “Nizami” stansiyasına qoşulmanı təmin edəcək. Bununla da gələcəkdə metronun "Nizami" stansiyasında eskalatorların dəyişdirildiyi zaman stansiyanı bütövlükdə bağlamağa ehtiyac qalmayacaq. Sərnişinlər alternativ yolla Mərkəzi Park ərazisinə sərbəst çıxış edə biləcəklər.
Lakin bir sıra ekspertlər belə bir layihənin təhlükəsizliyinə və səmərəliliyinə şübhə ilə yanaşırlar.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov feysbuk hesabında sözügedən layihəni ağılsızlıq adlandırıb:

“”28 May”-“Nizami” xətti kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və 6 ay ərzində bərkidilib. Son dərəcədə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən?”
Nəqliyyat eksperti, texniki elmlər üzrə fəlsəfə doktoru Fərhad Eyyubov isə S.Məmmədovla razılaşmır.

Mütəxəssis Bakupost.az-a bildirib ki, bu addımlar metrodan istifadə dərəcəsini yaxşılaşdırmağa hesablanıb:
“2030-2040-cı illər üzrə Bakının Baş Planına əsasən Bakı metrosunda tikilməsi gözlənilən yeni stansiyaların yeri müəyyənləşib. Yeraltı kommunikasiyalardan əlavə, yerüstü kommunikasiya da əlçatan olmalıdır. Hazırda Bakı metrosu bir xətt üzrə hərəkət edir və sərnişin axınını tam təmin etmir. Atılacaq addımlardan sonra isə şəhərin müxtəlif istiqamətləri üzrə metrodan istifadə dərəcəsi rahatlaşacaq. Belədə yerüstü sərnişin axını da nizamlanacaq”.
Ekspert layihənin böyük xərc tələb etdiyini etiraf etdi. Bununla yanaşı, qeyd edir ki, metro xətləri stansiyalar, Bakının ümumi relyefi, dayanıqlığı, tikintiləri, təhlükəsizliyi nəzərə alınaraq nizamlanır:
“Stansiyalar tikilən zaman elə yerlər var ki, orada yeraltı sular maneəçilik yaradır. Moskvada böyük vəsait tələb etsə də, metronun hərəkətinə əngəl yaratmamaq üçün yerin altındakı suları dondururlar. Yəni xüsusi texnoloji qaydalara müvafiq olaraq, suların hərəkətini müəyyən qədər nizamlayırlar. Bakıda da belə yerləri nizamlayacaqlar. Yəni metro tikintisi zamanı bütün bunlar nəzərə alınır. Bu əsasda deməliyəm ki, müəyyən qədər çox xərc tələb etsə də, Bakı üçün həmin addımların atılması vacibdir. Proses əvvəl ekspertizadan keçirilir, nizamlanır, analiz olunur və yalnız bundan sonra tikintiyə başlanılır”.
Həmsöhbətimiz hesab edir ki, “B-5” stansiyası məsələsində hər hansı bir təhlükə yoxdur:
“Yeraltı suların istiqamətini dəyişir, onun metroya axınının qarşısını almaq üçün nizamlayırlar. Bu zaman xarici ölkələrin iş təcrübəsindən də istifadə edilir”.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, burada əsas məqsəd şəhərin şimal istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın şərqinə doğru uzadılmasıdır:

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyadan 6-sı Bənövşəyi xətdə yerləşəcək. Bakıda nəqliyyat təhlilləri, həmçinin rəqəmsal əkiz modeli əsasında toplanmış məlumat bazası, eləcə də simulyasiyalar bu xəttin uzadılmasının xüsusi əhəmiyyətini əyani nümayiş etdirir. Layihə adı “B-5” olan stansiya Bənövşəyi xəttin üzərində yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Həmçinin, bu keçidlə “Nizami” stansiyasının dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək”.
Həmsöhbətimizin sözlərinə görə, Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib:
“Bu xüsusda “Nizami”-“28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlillər aparılıb. Tunel və stansiya qazıntısında müasir texnologiyalarla və üsullarla daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib”.
Mətbuat katibi deyir ki, “B-5” stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq.
Rüfət Sultan, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.