EN

Azərbaycanda körpə ölümləri niyə artıb?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son dövrlər azyaşlı uşaqların ölümü ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Xüsusilə “Azyaşlı müayinə zamanı öldü”, “3 yaşlı uşaq qəfil vəfat etdi”, “Azyaşlının ölüm səbəbi araşdırılır” kimi başlıqların artması valideynlər arasında qorxu və suallar doğurur. 

Bəs körpə ölümləri niyə artıb?

"Cebheinfo.az" xəbər verir ki, körpə ölümləri müxtəlif səbəblərlə izah edilir.

Pediatrların fikrincə, uşaq ölümlərinin səbəbləri fərqli ola bilər. Anadangəlmə problemlər, ağır infeksiyalar, allergik reaksiyalar, yüksək hərarət fonunda yaranan ağırlaşmalar, tənəffüs çatışmazlığı və digər tibbi hallar uşaqlarda həyati risk yarada bilir.

Lakin bir çox hallarda faciənin böyüməsində əsas rol oynayan amil valideynlərin təhlükəli simptomları vaxtında ciddi qəbul etməməsidir.

Azərbaycanda gənc ailələrin bir hissəsi uşağın səhhəti pisləşəndə ilk olaraq həkimə deyil, yaxın çevrəyə müraciət edir. Nənə-baba, qonşu və ya sosial şəbəkələrdən alınan məsləhətlər çox vaxt tibbi yardımın gecikməsinə səbəb olur.

“Bir az gözlə keçər”, “uşaqlarda normal haldır” kimi yanaşmalar bəzən uşağın vəziyyətini geri dönməz mərhələyə çatdırır. Halbuki körpə üçün saatlarla deyil, bəzən dəqiqələrlə ölçülən müdaxilə həyati əhəmiyyət daşıyır.

Digər problem isə bəzi valideynlərin təhlükə siqnallarını tanımamasıdır. Körpənin yeməkdən imtina etməsi, davamlı ağlaması, süstləşməsi, nəfəsinin sürətlənməsi, dərisinin rəng dəyişməsi, yüksək və ya uzun sürən hərarət, tez-tez qusma kimi hallar sadə narahatlıq deyil ciddi tibbi xəbərdarlıq ola bilər. Təəssüf ki, bir çox ailə bunu yalnız vəziyyət ağırlaşdıqdan sonra anlayır.

Bu sahədə maarifləndirmə də kifayət qədər deyil. Gənc valideynlərə uşağın hansı əlamətlərdə təcili həkimə göstərilməli olduğu daha açıq və davamlı şəkildə izah edilməlidir.

Çünki körpə danışa bilmir, ağrısını izah edə bilmir, kömək istəyə bilmir. Onun vəziyyətini hiss edib vaxtında reaksiya vermək böyüklərin məsuliyyətidir. 

Körpə ölümlərinin hər biri ayrı-ayrılıqda ciddi şəkildə araşdırılmalıdır. Çünki səbəb aydınlaşdırılmadıqda suallar artır, şayiələr yayılır və narahatlıq daha da böyüyür.

Araşdırma ilə yanaşı, nəticələr gizlədilməməli, sadə və başa düşülən şəkildə ictimaiyyətə izah edilməlidir. İnsanlar bilməlidir ki, bu hadisə niyə baş verib, hansı hallarda gecikmə olub və gələcəkdə bunun qarşısını almaq üçün nə dəyişdiriləcək.

Eyni zamanda, maarifləndirmə işi sistemli olmalıdır. Valideynlərə uşaqlarda hansı əlamətlərin təhlükəli olduğu, nə vaxt dərhal həkimə müraciət edilməli olduğu praktik şəkildə öyrədilməlidir.

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
1
cebheinfo.az

2Sources