EN

Sosioloq: Müasir şəhərsalmanın qarşısında duran əsas məsələ inklüziv və əlçatan mühitin formalaşdırılmasıdır

Bakı, 29 aprel, AZƏRTAC

Şəhərsalma və arxitektura məsələsi Azərbaycan üçün bu il xüsusilə prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə verilən yüksək önəmin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosial məsələlər üzrə ekspert Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, sosioloji aspektdən yanaşdıqda şəhərlərin qonaqpərvər, inklüziv və əlçatan mühit kimi formalaşdırılması əsas hədəflərdən biri kimi çıxış edir. “Bu məsələlər ölkə başçısı tərəfindən təsdiq edilən Tədbirlər Planında da öz əksini tapıb. Şəhərsalmanın sosioloji yönləri dedikdə, ilk növbədə onun yaşayış üçün imkanlarının sərhədləri qiymətləndirilir. Bu kontekstdə şəhərlərin həm sosial baxımdan, həm də infrastruktur və resurslar baxımından vətəndaşa nə dərəcədə əlçatan olduğu dəyərləndirilir”, – deyə ekspert bildirib.

Ü.Şəfiyev qeyd edib ki, sadalanan xüsusiyyətlər müasir urbanizasiya siyasətində əsas müzakirə mövzularındandır. “Burada həm də universal dizayn məsələsi xüsusi əhəmiyyət daşıyır. Şəhər sakinlərinin hamısı eyni fiziki imkanlara malik deyil. Sağlamlıq imkanları məhdud olan şəxslər də şəhər mühitindən rahat istifadə edə bilməlidirlər. Bu baxımdan, şəhər bütün sosial qruplar üçün əlçatan olmalı, sosial standartlara cavab verməlidir”, – deyə o vurğulayıb.

Ekspertin fikrincə, şəhər mühiti yalnız müəyyən sosial təbəqə üçün deyil, cəmiyyətin bütün təbəqələri üçün komfortlu olmalıdır. “Əhalinin az təminatlı təbəqələri, orta və yüksək gəlir qrupları üçün şəhərdə bərabər imkanlar yaradılmalıdır. Şəhər sakinləri yaşadıqları mühitdə özlərini rahat və məmnun hiss etməlidirlər”, – deyə o əlavə edib.

Ü.Şəfiyev bildirib ki, şəhərsalma və inklüzivlik kontekstində yanaşdıqda, binaların, inzibati və yaşayış obyektlərinin, parkların, xiyabanların, küçələrin, ümumilikdə şəhər təsərrüfatının əlçatanlığı xüsusi əhəmiyyət kəsb edir. “Bu istiqamətdə həyata keçiriləcək tədbirlər planında da əsas prioritetlərdən biri məhz inklüzivlik olacaq”, – deyə o qeyd edib.

Sosioloq hesab edir ki, Azərbaycan qlobal miqyasda şəhərsalma və memarlıq sahəsində üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində mühüm addımlar atır. “Bu proses təkcə paytaxtda deyil, regionlarda da müşahidə olunur. Güman edirəm ki, bu il çərçivəsində ölkəmizdə şəhərlərin arxitektura prosesində əlçatanlıq və inklüzivlik sahəsində ciddi nəticələr əldə olunacaq”, – deyə Üzeyir Şəfiyev fikrini yekunlaşdırıb.

Müxbir - Nailə Həsənova

Chosen
65
1
azertag.az

2Sources