EN

Delfinlər necə sürətli və çevikdir? - ARAŞDIRMA

Osaka Universitetinin alimləri delfinlərin yüksək sürət və manevr qabiliyyətinin əsas səbəblərindən birini müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Physical Review Fluids" jurnalında dərc olunub.

Araşdırmaya görə, delfinlərin quyruq hərəkəti zamanı suda güclü burulğan axınları (vorteks) yaranır və bu da onların yüksək sürətlə hərəkət etməsini təmin edir. Delfinlərin saatda 37–55 kilometrə qədər sürət yığa bilməsi uzun illərdir elm aləmində müzakirə mövzusu idi.

Alimlər bu mexanizmi öyrənmək üçün superkompüterlərdən istifadə edərək yüksək dəqiqlikli riyazi modellər hazırlayıblar və su axınının heyvanın bədəni ətrafında necə dəyişdiyini simulyasiya ediblər.

Məlum olub ki, hər bir quyruq zərbəsi zamanı böyük burulğan halqaları əmələ gəlir və bu strukturlar suyu geriyə itələyərək əsas hərəkət qüvvəsini yaradır. Məhz bu proses delfinlərin həm sürətli, həm də enerjiyə qənaət edərək üzməsinə imkan verir.

Tədqiqatda qeyd olunur ki, daha kiçik burulğanlar da yaranır, lakin onlar əsas hərəkətə ciddi təsir etmir və yalnız enerji ötürülməsi prosesinin yan məhsulu kimi qiymətləndirilir.

Alimlərin fikrincə, əldə olunan nəticələr gələcəkdə daha sürətli və səmərəli sualtı robotların hazırlanmasında istifadə oluna bilər.

NURİYYƏ

Chosen
57
1
redaktor.az

2Sources