EN

Akademik İsmayıl Hacıyev: Xaqani Şirvaninin yubileyinin qeyd olunması klassik ədəbi irsə yüksək qayğının bariz nümunəsidir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 29 aprel, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Klassik Azərbaycan ədəbiyyatının tanınmış siması: Xaqani Şirvani” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə bölmənin mətbuat xidmətindən məlumat verilib.

Konfransı açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması haqqında imzalanmış Sərəncam milli-mənəvi dəyərlərə, klassik ədəbi irsə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. O vurğulayıb ki, dövlət başçısının elmə, mədəniyyətə və ədəbiyyata göstərdiyi ardıcıl dəstək Azərbaycan elminin və humanitar fikrinin inkişafına güclü təkan verir.

Akademik qeyd edib ki, Xaqani Şirvani yalnız Azərbaycan ədəbiyyatının deyil, ümumilikdə Şərq bədii fikrinin ən parlaq nümayəndələrindən biri kimi əsrlər boyu öz aktuallığını qoruyub saxlayıb. Onun zəngin poetik irsi, dərin fəlsəfi düşüncələri, insanın mənəvi kamilliyi ilə bağlı irəli sürdüyü ideyalar bu gün də müasir cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Xaqani Şirvani poeziyasında türklər, türk dili və Oğuz türk mədəniyyəti” mövzusunda məruzə edib. Bildirilib ki, Xaqani yaradıcılığında türklük anlayışı yalnız etnik mənsubiyyət deyil, eyni zamanda, idarəetmə mədəniyyəti və ədalət fəlsəfəsi kimi təqdim olunur. Oğuz türklərinin zəngin mədəni irsi şairin poeziyasında geniş və dolğun şəkildə əksini tapıb. Əbülfəz Quliyev, həmçinin çıxışında Prezident İlham Əliyevin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın klassik ədəbi irsin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatında yeri və rolu” mövzusunda məruzə edərək şairin “Mədain xərabələri”, “Töhfətül-İraqeyn” və “Qəsidəyi-şiniyyə” kimi əsərlərini təhlil edib.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, pedaqogika elmləri doktoru, professor Kamal Camalov “Xaqani Şirvani poeziyasında elm və təhsil məsələləri”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov isə “Şair Asim Yadigarın "Xaqani poeması” mövzusunda məruzə ediblər.

Müxbir - Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
2
azertag.az

3Sources