Bakı, 29 aprel, AZƏRTAC
Qadın sahibkarlar olaraq ideyalarımızı reallaşdırır, layihələrimizi ictimaiyyətə təqdim edirik və bu proses davam edir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Fəxriyyə Xələfova söyləyib.
O bildirib ki, 2016-cı ildə dövlət başçısı tərəfindən 26 aprel - Sahibkarlar Günü kimi təsdiqlənməsindən ötən müddətdə ölkədə sahibkarlıq sahəsində mühüm irəliləyişlər əldə olunub.
“Son 10 il ərzində bir sıra iri layihələr həyata keçirilib, sahibkarlıq mühiti daha da genişlənib. Xüsusilə qadın sahibkarlığın dinamik inkişafı sevindirici haldır və qadınların bu sahədə fəallığı artmaqdadır”, – deyə o vurğulayıb.
F.Xələfova qeyd edib ki, o, qadın sahibkar olaraq Azərbaycanın ilk milli ətir brendinin yaradıcısıdır və son illər ərzində təqdim etdiyi ətir kolleksiyaları ölkənin müxtəlif ticarət mərkəzlərində satışa çıxarılıb. Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyətini genişləndirmək və yerli brendi daha da tanıtmaq əsas hədəfləri sırasındadır.