EN

Azərbaycan nümayəndə heyəti İrəvanda - vasitəçisiz diplomatiya nəticə verir

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar fonunda Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri xüsusi diqqət çəkir. Ermənistan teleqram kanallarının yaydığı məlumata görə, Şahin Mustafayevin erməni iş adamları ilə görüşü başa çatıb.

Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri hansı mesajları verir? Bu təmaslar iki ölkə arasında münasibətlərin normallaşması və sülh prosesinin irəliləməsi baxımından nə vəd edir?

"Müasir İnkişaf" ictimai birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com-a açıqlamasında Azərbaycan nümayəndə heyətinin İrəvana səfərinin ümumilikdə müsbət qiymətləndirilməli olduğunu qeyd edib: "Nəzərə alsaq ki, Ermənistan nümayəndə heyəti də qarşılıqlı şəkildə Azərbaycana səfərlər həyata keçirir, bu, tərəflər arasında birbaşa təmasların intensivləşdiyini göstərir. Uzun müddətdir irəli sürülən əsas tezis ondan ibarət idi ki, görüşlər üçüncü tərəfin iştirakı, müdaxiləsi və vasitəçiliyi olmadan keçirilməlidir. Artıq bu istiqamətdə real addımların atılması və tərəflərin görüşləri müstəqil şəkildə təşkil etməsi diqqətçəkən və əhəmiyyətli inkişafdır.

Bu cür qarşılıqlı səfərlər və birbaşa dialoq kanallarının açılması münasibətlərin normallaşmasına ciddi töhfə verir”.

Siyasi şərhçi Ermənistanın baş naziri Nikol Paşinyanın sərhədlərin delimitasiyasının yaxın gələcəkdə başa çata biləcəyi ilə bağlı son açıqlamasını belə şərh edib: “Sazişin yaxın zamanda imzalanıb-imzalanmayacağı isə əsasən Ermənistan hökumətinin siyasi iradəsindən asılıdır. Əgər Ermənistan rəhbərliyi, xüsusilə baş nazir Nikol Paşinyan, həm daxili, həm də xarici təzyiqlərə tab gətirərək qərarlı mövqe nümayiş etdirə bilsə, bu prosesin uğurla tamamlanması mümkündür.

Bununla belə, Paşinyanın səsləndirdiyi bəzi fikirlərə ehtiyatla yanaşmaq üçün əsaslar mövcuddur. Keçmiş təcrübə göstərir ki, bəyanatlar və real addımlar arasında müəyyən fərqlər olub. Lakin əgər Ermənistan tərəfi doğrudan da delimitasiya prosesini yekunlaşdırmaq niyyətindədirsə, bunun qarşısında ciddi maneə qalmır və nəticə müsbət ola bilər.

Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə gəldikdə isə, bu prosesin uzadılması üçün obyektiv səbəblər azdır. Mövcud xəritələr, faktlar və hüquqi sənədlər əsasında bu məsələləri qısa müddətdə həll etmək mümkündür. Əsas məsələ rəsmi İrəvanın siyasi iradə nümayiş etdirməsi və prosesi süni şəkildə ləngitməməsidir. Bu halda regionda davamlı sülh və sabitliyin təmin olunması üçün real zəmin formalaşa bilər".

Afaq Mirayiq,
Musavat.com

 

Chosen
35
musavat.com

1Sources