Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Vətəndaşın səyahət hüququ məhkəmə qərarı olmadan məhdudlaşdırıla bilməz”
Sərbəst hərəkət və ölkədən çıxış hüququ vətəndaşların fundamental azadlıqlarındandır. Bu hüquq yalnız fərdin şəxsi azadlığı ilə bağlı deyil, həm də onun iqtisadi imkanları, sosial inkişafı və həyat keyfiyyəti ilə birbaşa əlaqəlidir.
Milli Məclisdə səsləndirilən fikirlər də mövzunun aktuallığını göstərir. Belə ki, deputat Vüqar Bayramov bildirib ki, kiçik məbləğli- məsələn, min manat borcu olan vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulmasına ehtiyac yoxdur. Bu yanaşma da sərbəst hərəkət hüququnun qorunmasının vacibliyini bir daha ön plana çıxarır
İqtisadçı ekspert Natiq Cəfərli Sherg.az bildirib ki, Azərbaycan Konstitusiyasına əsasən, vətəndaşların sərbəst hərəkət və ölkədən çıxış hüququ vardır:
"Bu hüquq yalnız qanunla nəzərdə tutulmuş hallarda və məhkəmə qərarı əsasında, əsaslı və hüquqi cəhətdən əsaslandırılmış səbəblərlə məhdudlaşdırıla bilər.
Bu səbəbdən, hər hansı bir dövlət orqanının öz mülahizəsinə əsaslanaraq vətəndaşın səyahət hüququnu məhdudlaşdırması qanunsuzdur. O cümlədən yalnız borc səbəbilə belə bir məhdudiyyət tətbiq etməsi düzgün hesab olunmur".
Ekspert qeyd edib ki, bəzi hallarda şəxsin ölkədən çıxışı onun maddi vəziyyətini yaxşılaşdırmaq, iş tapmaq və nəticədə mövcud borclarını ödəmək üçün imkan yarada bilər.
"Bütün bunları nəzərə almaq lazımdır. Bu baxımdan əsaslandırılmadan ölkədən çıxışın məhdudlaşdırılmasını doğru saymıram. Ümumilikdə, ölkədən çıxış hüququnun məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə və konkret, əsaslı səbəblər olduqda tətbiq edilməlidir".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.