EN

Gömrük Məcəlləsinə dəyişiklik edilir



Aprelin 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 3 məsələ daxil edilib, ilk məsələ isə birinci oxunuşda təqdim olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir.

Newscenter.az xəbər verir ki, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri dövlət xidmətlərinin, o cümlədən vergi və gömrük sisteminin daha səmərəli və müasir əsaslarla qurulmasıdır. Bu siyasətin vətəndaşlara, sahibkarlara və biznes sektoruna yüksək keyfiyyətli xidmət göstərilməsi dayanır.

Azərbaycanda gömrük qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılmış addımlardan söz açan Azər Əmiraslanov deyib ki, həyata keçirilən siyasətin mərkəzində gömrük inzibatçılığının müasirləşdirilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və biznes mühitinin yaxşılaşdırılması dayanır. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu, tranzit daşımalar və logistika sahəsində qarşıya çıxan yeni çağırışlar gömrük sisteminin də daim yenilənməsini zəruri edir. Bu baxımdan təqdim olunan qanun layihəsi Azərbaycanın gömrük sistemini müasir çağırışlara uyğunlaşdırmaqla qarşıda duran vəzifələrin yeni mərhələdə daha səmərəli icrası üçün möhkəm və çevik hüquqi baza formalaşdırılmasına xidmət edir.

İclasda qanun layihəsi barədə ətraflı məlumatı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov təqdim edib. O, slaydlarla müşayiət olunan təqdimatda yeni qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti, əsas istiqamətləri və strateji məqsədləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.

Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda “bir elektron bəyannamə” prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.

Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub. Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.

Layihədə Gömrük Məcəlləsində istifadə olunan əsas anlayışların bir qisminin dəqiqləşdirilməsi və bir sıra yeni anlayışların əlavə olunması da nəzərdə tutulur. Beynəlxalq təcrübə və müasir çağırışlar əsasında hazırlanmış bu dəyişikliklərin gömrük qanunvericiliyinin terminoloji bazasını yeniləmək, normativ tənzimləmənin tətbiq imkanlarını genişləndirmək və hüquqi müəyyənliyi artırmaq məqsədi daşıdığı bildirilib.

Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.

Sənədin müzakirəsində komitənin sədr müavini Azər Badamov, komitənin üzvləri Vüqar Bayramov, Əli Məsimli, Tahir Mirkişili və Əlibala Məhərrəmzadə çıxış edərək sənəd ilə bağlı fikirlərini səsləndiriblər, qeyd və təkliflərini irəli sürüblər.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, komitənin sədr müavini Natiq Şirinov, Gömrük Siyasəti Baş İdarəsinin rəisi Rövşən Namazov, Hüquqi Təminat İdarəsinin rəisi Tural Həsənli və Audit İdarəsinin rəisi Elçin Qasımzadə çıxış edərək deputatların suallarını cavablandırıblar, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirənin sonunda Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda baxılmaq üçün tövsiyə olunub.

Sonra iclasda “Maliyyə icarəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunub. Komitə sədri qanun layihəsinin maliyyə icarəsi (lizinq) sahəsində hüquqi tənzimləmənin müasirləşdirilməsini, “lizinq” anlayışının “maliyyə icarəsi” termini ilə vahidləşdirilməsini, bu fəaliyyət üzrə nəzarət tənzimləmə mexanizmlərinin yaradılmasını nəzərdə tutduğunu bildirib. Layihə maliyyə icarəsi bazarının inkişafına, sahibkarlığın maliyyəyə çıxışının genişlənməsinə, şəffaflığın və hüquqi müəyyənliyin gücləndirilməsinə, eləcə də beynəlxalq təcrübəyə uyğun institusional çərçivənin formalaşdırılmasına xidmət edəcək.

Gündəliyin sonuncu məsələsi olan Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında” , “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsindən irəli gələn konseptual yanaşmalar əsasında hazırlanıb.

Bu qanun layihələri də Milli Məclisin plenar iclasında ikinci oxunuşda baxılmaq üçün tövsiyə olunub.

Tədbirdə komitənin üzvləri Heydər Əsədov, Zaur Şükürov, Rövşən Muradov, Məşhur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Süleyman
Chosen
41
1
newscenter.az

2Sources