EN

Rəqibinə yumruq vuran argentinalı qapıçıya 13 oyunluq rekord cəza

Rəqibinə yumruq vuran argentinalı qapıçıya 13 oyunluq rekord cəza

İspaniya 2-ci Futbol Liqasında (Segunda) mübarizə aparan “Real Zaragoza” klubunun qapıçısı Esteban Andrada aprelin 26-da “Huesca” ilə keçirilən matçda rəqibinə yumruq vurduğu üçün ağır cəzalandırılıb.

AFN.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi argentinalı qapıçıya ümumilikdə 13 oyunluq kənarlaşdırma cəzası verib.

Hadisə oyunun son dəqiqələrində baş verib. Belə ki, Andrada meydanın mərkəzinə qədər qaçaraq rəqib oyunçu Xorxe Pulidonun üzünə yumruq vurub.

Komitənin qərarına əsasən, 35 yaşlı qapıçıya rəqibinə tətbiq etdiyi zorakılığa görə 12 oyun, həmin vaxt aldığı cüt sarı vərəqəyə görə isə 1 oyunluq cəza kəsilib.

Mövsümün sonunda müqaviləsi başa çatacaq Andrada klub tərəfindən yeni sözləşmə təklif edilmədiyi üçün bir daha “Real Zaragoza” formasını geyinə bilməyəcək.

Qapıçı hadisədən sonra verdiyi açıqlamada özünü idarə edə bilmədiyi üçün peşman olduğunu və bu hərəkətinin peşəkar imicinə xələl gətirdiyini etiraf edib.

Eyni matçda baş verən digər insidentlərə görə “Huesca”nın qapıçısı Dani Ximenez 4 oyun, “Real Zaragoza”nın futbolçusu Dani Tasende isə 2 oyunluq cəza alıb.

Həmçinin, “Rayo Vallecano”nun yarımmüdafiəçisi Isi Palazon da hakimə təhqir və etiraz etdiyi üçün ümumilikdə 7 oyunluq cəzaya məhkum edilib.

Chosen
71
afn.az

1Sources