EN

Berlin Vaşinqtonla hərbi əməkdaşlığı dərinləşdirir

Siyasi fikir ayrılıqlarına baxmayaraq, Almaniya və ABŞ NATO çərçivəsində koordinasiyanı gücləndirir...

ABŞ prezidenti Donald Tramp ilə Almaniya kansleri Fridrix Merts arasında münasibətlərin açıq şəkildə pisləşməsinə baxmayaraq, Berlin və Vaşinqton hərbi əməkdaşlığı dərinləşdirmək üçün yeni addım atır.

Poliqon xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Məlumata görə, oktyabr ayından etibarən polkovnik rütbəli yüksək vəzifəli amerikalı zabit Almaniyanın Quru Qoşunları Komandanlığına inteqrasiya olunacaq. O, əməliyyatlar şöbəsi rəisinin müavini vəzifəsində çalışacaq.

Bundesver və Pentaqon nümayəndələri bildiriblər ki, bu addım Almaniya və ABŞ arasında hərbi koordinasiyanı gücləndirmək məqsədi daşıyır. Almaniya ordusunda qeyd edirlər ki, qərar NATO çərçivəsində birgə fəaliyyət imkanlarının artırılmasına və silahlı qüvvələr arasında uyğunluğun yaxşılaşdırılmasına xidmət edir.

Ekspertlər hesab edirlər ki, bu qərar siyasi gərginlik fonunda belə, Berlin və Vaşinqtonun təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu göstərir. Xüsusilə Avropada təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə ABŞ və Almaniya arasında hərbi əlaqələrin gücləndirilməsi NATO-nun əməliyyat imkanları baxımından mühüm addım kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
42
poliqon.info

1Sources