EN

Bacısına 8 bıçaq zərbəsi vuran qardaş: “O, iki azyaşlı uşağını tərk edərək “TikTok"da tanış olduğu şəxsə qaçmışdı” – TƏFƏRRÜAT

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Quba rayonunda bacısını öldürməyə cəhddə təsirləndirilən Murad Məhərrəmovun cinayət işi üzrə məhkəmə araşdırmasının detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Asif Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs bacısı, zərərçəkmiş Ş.Kərimova ilə bağlı yaranmış ailədaxili vəziyyətə görə hiddətlənərək qisas almaq niyyəti ilə hərəkət edib.
 

Belə ki, qadın 2025-ci ilin sentyabr ayının 21-də Sumqayıt şəhərindən Quba rayonunun Xucbala kəndinə gedərək "TikTok" sosial şəbəkəsi vasitəsilə tanış olduğu şəxslə birlikdə yaşamağa başlayıb. Onun iki azyaşlı uşağını tərk etməsi Murad tərəfindən ailənin nüfuzuna xələl gətirən hərəkət kimi qiymətləndirilib.


Məhz bu səbəbdən təqsirləndirilən şəxs 22 sentyabr 2025-ci il tarixdə Quba şəhərinə gedərək gecələyib, növbəti gün – 23 sentyabr tarixində, saat 11 radələrində Xucbala kəndinə yollanıb. Murad həmin kənddə bacısının olduğu evin yaxınlığında onu görərək arxadan yaxınlaşıb və üzərində əvvəlcədən gəzdirdiyi bıçaqla hücum edib.


İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmişə ümumilikdə 8 bıçaq zərbəsi endirib. Zərbələr nəticəsində qadın müxtəlif nahiyələrdən – boyun, döş qəfəsi, qol və qarın bölgəsindən xəsarətlər alıb. Xəsarətlərin bir hissəsi yüngül olsa da, döş qəfəsi və qarın boşluğuna nüfuz edən yaralar həyati təhlükəli olub. Belə ki, sol ağciyərin aşağı payı, diafraqma, həmçinin nazik və yoğun bağırsaqlar zədələnib.


Hadisədən sonra Murad bacısını öldüyünü düşünərək ərazini tərk edib. Lakin zərərçəkmiş vaxtında Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Bu səbəbdən təqsirləndirilən şəxs cinayət niyyətini başa çatdıra bilməyərək qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunur.


Məhkəmə iclasında Murad Məhərrəmov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O, ifadəsində qeyd edib ki, məqsədi bacısını evinə qaytarmaq olub və aralarında yaranan mübahisə zamanı əsəbi vəziyyətdə onu bıçaqlayıb. Təqsirləndirilən şəxs söyləyib ki, hadisə zamanı özünü idarə edə bilməyib və baş verənləri tam xatırlamır.


Murad ifadəsinə əlavə edib ki, bıçağı özü ilə yalnız ehtiyat məqsədilə götürüb. Onun sözlərinə görə, getdiyi şəxsləri tanımadığı üçün mümkün hücumdan qorunmaq istəyib. Hadisədən sonra bıçağı itirdiyini, daha sonra isə könüllü şəkildə polisə təslim olduğunu bildirib.


Zərərçəkmiş Ş.Kərimova məhkəmədə “WhatsApp” vasitəsilə ifadə verərək hadisənin 23 sentyabr 2025-ci ildə baş verdiyini təsdiqləyib. O bildirib ki, qardaşı Murad onu evə qaytarmaq üçün həmin kəndə gəlib və aralarında mübahisə yaranıb. Qadının sözlərinə görə, Murad ona yalnız bir dəfə bıçaq zərbəsi vurub və hadisədən sonra hücumu davam etdirməyib.


Zərərçəkmiş əlavə edib ki, qardaşı ilə əvvəllər münasibətləri yaxşı olub, baş verən hadisəyə görə onu bağışlayıb və Muraddan şikayətçi deyil. Ş.Kərimova məhkəmədən təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib.
 

Məhkəmənin hökmü ilə Murad Məhərrəmov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələ 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.


Qeyd: Ş.Kərimovanın qoşulub qaçdığı şəxs 4 dəfə ailəli olub.


Kamal Məmmədov 

Tarix: 30 Aprel 2026, 08:25   
Chosen
61
pravda.az

1Sources