EN

Çexiya ilə əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin mövcuddur - ŞƏRH

Bakı, 29 aprel, AZƏRTAC

Müstəqillik qazandıqdan sonra Azərbaycanın bir çox dövlətlərlə, o cümlədən Çexiya ilə əlaqələri formalaşıb və inkişaf edib. Bu münasibətlər qarşılıqlı etimad və əməkdaşlıq prinsiplərinə əsaslanaraq zamanla siyasi, iqtisadi və sosial sahələri əhatə edən geniş tərəfdaşlığa çevrilib. Ardıcıl şəkildə inkişaf edən əlaqələr bu gün daha yüksək əməkdaşlıq mərhələsinə qədəm qoymaqdadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.

O bildirib ki, hazırda iki ölkə arasında fəal siyasi dialoq mövcuddur. Bu dialoq həm ikitərəfli, həm regional, həm də qlobal məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır və münasibətlərin davamlı inkişafına zəmin yaradır. Yüksəksəviyyəli qarşılıqlı səfərlər və görüşlər əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

"İqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılır. Keçirilən biznes forumları və beynəlxalq tədbirlər qarşılıqlı investisiya imkanlarının artırılmasına xidmət edir. Ticarət dövriyyəsinin daha balanslı və şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi əsas hədəflərdən biri kimi qiymətləndirilir.

Energetika sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxışı bu sahədə etibarlı tərəfdaşlıq münasibətlərini gücləndirir. Eyni zamanda, təbii qaz ixracının geniş coğrafiyanı əhatə etməsi bu əməkdaşlığın strateji əhəmiyyətini artırır.

Bununla yanaşı, müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Hərbi təyinatlı məhsulların tədarükü və gələcəkdə birgə istehsal imkanlarının nəzərdən keçirilməsi bu sahədə əməkdaşlığın perspektivlərini genişləndirir. Bu, müdafiə potensialının gücləndirilməsi və yerli istehsal imkanlarının artırılması baxımından mühüm rol oynayır", - deyə S.Xasayeva vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün əlverişli zəmin mövcuddur.

Chosen
50
azertag.az

1Sources