EN

"Dövlət vətəndaşların yanında dayanır və onların rifahının bərpasını təmin edir" - Pərvanə Vəliyeva

Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların yaratdığı təhlükəli və dağıdıcı təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə mühüm maliyyə dəstəyi göstərib. Belə ki, fövqəladə hallarla mübarizə tədbirlərinin gücləndirilməsi üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayrılıb. Bu addım ölkə ərazisində baş verə biləcək təbii fəlakətlərin fəsadlarının azaldılması, infrastrukturların qorunması və əhalinin təhlükəsizliyinin təmin olunmasına yönəlib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT.az-a açıqlama verib.

P.Vəliyevanın sözlərinə görə Dövlət Başçısının sərəncamı sel fəsadlarının aradan qaldırılması və zərərçəkənlərin problemlərinin həlli məqsədi daşıyır: "Dövlət Başçımız tərəfindən sel və daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı imzalanan sərəncam zərər çəkmiş vətəndaşların problemlərinin tam həllinə yönəlib və böyük sosial əhəmiyyət daşıyır. Bu məqsədlə dövlət başçısının ehtiyat fondundan təxminən 86 milyon manat vəsait ayrılıb ki, dəymiş ziyan qısa müddətdə aradan qaldırılsın və gələcək risklərin qarşısı alınsın".

Deputat bildirib ki Zərərçəkənlər üçün evlərin tikintisi, təmiri və sosial dəstək tədbirləri nəzərdə tutulur: "Sərəncama əsasən, 150-yə yaxın ev yenidən tikiləcək, digər zədələnmiş evlər isə əsaslı təmir olunacaq. Bundan əlavə, məişət əşyalarının yenilənməsi və evlər hazır olana qədər vətəndaşların kirayə xərclərinin qarşılanması üçün də maliyyə vəsaiti nəzərdə tutulub. Eyni zamanda, sosial infrastruktura dəymiş ziyanın aradan qaldırılması da diqqət mərkəzindədir".

Pərvanə Vəliyeva vurğulayıb ki Dövlətin fövqəladə hallarda vətəndaşların rifahını təmin etməsi humanist yanaşmanın göstəricisidir: "Bu addımlar göstərir ki, fövqəladə hallarda dövlət vətəndaşların yanında dayanır və onların rifahının bərpasını təmin edir. Bu, birbaşa olaraq, Prezident İlham Əliyevin təşəbbüsüdür və onun humanizminin bariz göstəricisidir".

Millət vəkili qeyd edib ki Dövlət başçısının tapşırıqları və ayrılan vəsaitlər ziyanın aradan qaldırılmasına yönəlib: "Ölkə rəhbəri vətəndaşların problemləri barədə daim düşünür, vətəndaşlara dəymiş ziyanın ödənilməsi istiqamətində tədbirlərin görülməsini bir vəzifə kimi müvafiq orqanlara tapşırır və bunun üçün maliyyə ayrılmasını vacib hesab edir. Artıq media vasitəsilə vəsaitin hansı istiqamətlərə sərf edilməsi ilə bağlı qurum nümayəndələri tərəfindən açıqlamalar verilib".

Fatimə Nəbiyeva

Chosen
61
qht.az

1Sources