EN

"Bu yenilik əmək bazarında şəffaflığı və operativliyi artıracaq" - Ramin Nurəliyev

Elm və Təhsil Nazirliyinin verdiyi xəbərə görə, bu ildən etibarən IX və XI sinif məzunlarına attestatlar elektron formada təqdim ediləcək. Bu yeniliyin təhsil sistemində şəffaflığın artırılması, sənədləşmə prosesinin sadələşdirilməsi və vaxt itkisinin azaldılması baxımından mühüm addım olduğu bildirilir.

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev QHT.az-a açıqlama verib.

Ramin Nurəliyev bildirib ki, elektron diplom sisteminin tətbiqi təhsil sistemində şəffaflığı artıraraq saxta sənəd risklərini minimuma endirəcək: "Elm və Təhsil Nazirliyi bu tədris ilindən etibarən ümumtəhsil məktəblərinin şagirdlərinə verilən attestatların, eləcə də ali təhsil müəssisələrinin məzun diplomlarının elektron formada təqdim olunacağını bildirib. Bu addım ilk növbədə təhsil sistemində şəffaflığın artırılması baxımından mühüm yenilik kimi qiymətləndirilir".

R.Nurəliyevin sözlərinə görə, müasir kibertəhlükələr fonunda saxta diplomların qarşısının alınması zəruri hala çevrilib: "Çünki müasir dövrdə kiber texnologiyaların inkişafı saxta diplomların hazırlanması və istifadəsi riskini də artırır. Bəzi hallarda şəxslər qeyri-qanuni yollarla əldə edilmiş sənədlərlə əmək bazarına daxil ola bilirlər. Elektron diplom sisteminin tətbiqi isə bu kimi halların qarşısının alınmasına xidmət edir".

Ekspert vurğulayıb ki, yeni sistem təhsil sənədlərinin əldə olunmasını sürətləndirərək mövcud gecikmələri aradan qaldıracaq: "Yeni sistemin digər üstünlüyü proseslərin sürətlənməsidir. Əvvəllər məzunlar diplomlarını aylar sonra əldə edirdilər ki, bu da xüsusilə xarici universitetlərə müraciət edən və ya əmək bazarına tez qoşulmaq istəyən şəxslər üçün çətinlik yaradırdı. Bəzi ali təhsil müəssisələri isə diplomun fiziki təqdimatını tələb etdiyindən gecikmələr əlavə problemlərə səbəb olurdu".

Ramin Nurəliyev bildirib ki, elektron diplomlar qısa müddətdə hazırlanaraq vətəndaşların istifadəsinə veriləcək: "Yeni qaydalara əsasən, elektron diplomlar təxminən 10 gün ərzində hazırlanaraq sistemə yerləşdiriləcək. Məzunlar isə bu sənədlərə rahat şəkildə elektron formada çıxış əldə edə biləcəklər".

Ekspertin sözlərinə görə, QR kod texnologiyası sənədlərin yoxlanılmasını daha etibarlı və sürətli edəcək: "Elektron diplomların üzərində yerləşdiriləcək QR kodlar vasitəsilə həm yerli, həm də xarici təhsil müəssisələri və işəgötürənlər sənədin həqiqiliyini asanlıqla yoxlaya biləcəklər. Bu isə yoxlama prosesini daha sürətli və etibarlı edəcək".

R.Nurəliyevin fikrincə, yeni sistem işə qəbul prosesində operativliyi və şəffaflığı artıracaq: "Eyni zamanda, işə qəbul zamanı işəgötürənlər diplomun doğruluğunu dərhal təsdiqləyə biləcəklər ki, bu da əmək bazarında şəffaflığı və operativliyi artıracaq".

Ekspert ümumilikdə bu yeniliyi təhsil sisteminin müasirləşməsi və beynəlxalq standartlara uyğunlaşması baxımından mühüm addım kimi dəyərləndirib: "Ümumilikdə, elektron diplom və attestat sisteminin tətbiqi təhsil sahəsində müsbət və müasir bir yenilik kimi dəyərləndirilir. Beynəlxalq təcrübədə də oxşar sistemlər bir çox ölkələrdə uğurla tətbiq olunur".

"Azərbaycanda bu yeniliyin həyata keçirilməsi həm şəffaflığın artırılmasına, həm vaxt itkisinin azalmasına, həm də təhsil sisteminin beynəlxalq standartlara daha da yaxınlaşmasına xidmət edəcək", - deyə o sonda bildirib.

Fatimə Nəbiyeva

Chosen
40
qht.az

1Sources