Ukrayna Ali Radasında növbəti insident yaşanıb. Ölkənin ən qalmaqallı deputatlarından biri olan Maryana Bezunqlaya bu dəfə həmkarı Aleksandr Fedienkoya qarşı fiziki güc tətbiq edib.
Publika.az xəbər verir ki, insident kibertəhlükəsizlik haqqında qanun layihəsinin müzakirəsi zamanı baş verib.
Tribunada çıxış edən A.Fedienko bildirib ki, Bezunqlaya qanun layihəsinə minə yaxın düzəliş daxil edərək sənədin qəbulunu qəsdən bloklayır. Bu sözlərdən hiddətlənən qadın deputat dərhal tribunaya tərəf qaçaraq həmkarını itələyib və onun əlindəki çıxış mətnini zorla almağa çalışıb.
Məlumata görə, baş verən əlbəyaxın qarşıdurma zamanı parlament tribunasındakı mikrofon sındırılıb.
Daha sonra hadisəyə aydınlıq gətirən Bezunqlaya qanun layihəsinin özünə deyil, məzmununa etiraz etdiyini bildirib və reqlamenti pozduğu üçün üzr istəyib.