EN

Gülşən Rzayeva: Şəhərsalma sahəsində çağırışlara qarşı fəaliyyət geniş diskussiyalar tələb edir

Ankara, 30 aprel, AZƏRTAC

Urbanizasiya müasir dünyada dayanıqlı inkişafın ən vacib sütunlarından biridir. Şəhərsalma yeni iş yerlərinin yaradılmasına, innovasiyalara və texnoloji tərəqqiyə təkan verir, eyni zamanda, sürətli urbanizasiya iqlim dəyişikliyi də daxil olmaqla bir sıra problemli sahələri stimullaşdırır. Bu problemlərin həlli isə geniş diskussiyalar tələb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası milli koordinatorunun müavini və Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədr müavini Gülşən Rzayeva WUF13 ərəfəsində ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən təşkil edilən “Urban Breakfast” tədbirində iştirakçılara müraciətində ifadə edib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində hibrid formatda keçirilən tədbirdə Bolqarıstan bələdiyyələrinin nümayəndələri, akademiklər və dünyanın hər yerindən ekspertlər iştirak ediblər.

G. Rzayevanın sözlərinə görə, WUF13 davamlı urbanizasiya üzrə qlobal siyasət dialoqunu, eləcə də biliklərin və ən yaxşı təcrübələrin mübadiləsini asanlaşdıran əhəmiyyətli beynəlxalq tədbir olacaq. O vurğulayıb: “Tədbirdə 40 əsas sessiya və 350 tərəfdaşlıq tədbiri keçiriləcək. Müzakirələr dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, özəl sektorun nümayəndələrini, akademikləri və mütəxəssisləri bir araya gətirəcək. Bakı bütün WUF13 iştirakçılarını qəbul etməyə tam hazırdır”.

WUF13 milli koordinatorunun müavini şəhərsalma planlaşdırmasında alimlərin və mütəxəssislərin rolunu qeyd edib Onun fikrincə, bu, elmi məlumatlara və təhlillərə əsaslanmalıdır. Dövlət Komitəsinin nümayəndəsi bildirib ki, buna görə də şəhərsalmada tədqiqatların rolu olduqca vacibdir. Bundan əlavə, universitetlərin insan kapitalının inkişafına verdiyi töhfə əhəmiyyətlidir.

“WUF13 çərçivəsində Azərbaycan şəhərsalma sahəsində qabaqcıl təcrübələrini beynəlxalq ictimaiyyətlə bölüşmək imkanı əldə edəcək”, - deyə G. Rzayeva bildirib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Chosen
45
1
azertag.az

2Sources