ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
““Nizami” stansiyasının yerləşdiyi ərazi həqiqətən də Bakının geoloji baxımdan mürəkkəb zonalarından biridir. Lakin bu, artıq qeyri-həll olunan problem deyil. Kesson kimi köhnə texnologiyalar bu gün yalnız xüsusi hallarda tətbiq olunur və müasir metro tikintisində əsas yük tamamilə fərqli yanaşmaların üzərinə düşür. Bu gün yumşaq, sulu, qumlu və ya gil tərkibli torpaqlarda ən effektiv həllərdən biri EPB tipli tunelqazma kompleksləridir (Earth Pressure Balance TBM). Bu texnologiya məhz qrunt təzyiqini balanslaşdıraraq çökmə riskini minimuma endirmək üçün yaradılıb və dünya üzrə ən çətin hidrogeoloji şəraitlərdə uğurla tətbiq olunub”.
Bunu 525.az-a açıqlamasında nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib. Ekspert vurğulayıb ki, uzağa getməyə ehtiyac yoxdur - M5 Üsküdar–Çekmeköy metro xətti buna yaxşı nümunədir. Üsküdar kimi yüksək qrunt sulu, dəyişkən və zəif daşıyıcı qabiliyyətli torpaqlarda yerləşən ərazidə tikinti problemsiz aparılıb və xətt bu gün stabil şəkildə istismar olunur. Üstəlik, bu xəttin Marmaray ilə inteqrasiyası mühəndislik baxımından daha da mürəkkəb şəraitdə həyata keçirilib:
“Bundan başqa, Yeni Avstriya Tunel Metodu (NATM) kimi yanaşmalar da artıq klassik və sınaqdan çıxmış həllərdir. Bu metod geologiyaya adaptiv yanaşma imkanı verdiyi üçün xüsusilə şəhər daxilində, məhdud və riskli sahələrdə effektivdir. Bakı Metropoliteninin öz təcrübəsində də buna oxşar nümunələr var. “Elmlər Akademiyası” stansiyasında mövcud tunelin üstündən keçməklə ikinci çıxışın tikintisi, həm də jet grouting kimi gücləndirmə texnologiyalarının tətbiqi ilə həyata keçirilib. Yəni məsələ texnologiyanın olub-olmamasında deyil. Məsələ düzgün seçimdədir: düzgün geoloji tədqiqat, uyğun qazma metodunun seçilməsi və keyfiyyətli layihələndirmə və nəzarət. Bu gün dünyada artıq “velosipedi yenidən icad etməyə” ehtiyac yoxdur. Hazır, işlək və dəfələrlə sınaqdan keçmiş həllər mövcuddur. Əsas məsələ bu təcrübəni düzgün adaptasiya etməkdir. Üstəlik, belə layihələr adətən beynəlxalq maliyyə institutlarının iştirakı ilə həyata keçirilir. Bu qurumlar riskləri çox ciddi qiymətləndirirlər və texniki əsaslandırması zəif olan layihələrə vəsait ayırmırlar. İlin sonuna doğru tender mərhələsinin başlanacağı gözlənilir və texniki şərtlər açıqlananda hansı metodların seçildiyini daha dəqiq görmək mümkün olacaq. Qısası, məsələ “mümkündür ya yox” deyil - məsələ “necə və nə qədər düzgün edilir” sualındadır.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.