EN

Qazaxıstanda “İmam AI” xidmətinin təfərrüatları açıqlanıb

Astana, 30 aprel, AZƏRTAC

Qazaxıstan dini məsləhətləşmələr üçün rəqəmsal “İmam AI” xidmətinin təfərrüatlarını açıqlayıb.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, sistem rəsmi onlayn dini məlumatların vahid mənbəyi hesab olunur və ziddiyyətli təfsirlərin yayılması riskini azaltmağa yönəlib.

Xidmət iOS və “Android” üçün mobil tətbiq kimi pulsuz giriş əsasında fəaliyyət göstərəcək.

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (QMİİ) izah edib ki, “İmam AI” müstəqil dini qərarlar qəbul etmir və ya yeni təfsirlər yaratmır, yalnız rəsmi fətva və sual-cavab topluları da daxil olmaqla təsdiq edilmiş məlumat bazası əsasında fəaliyyət göstərir.

İstifadəçilərə namaz, oruc, zəkat və Həcc də daxil olmaqla dini təcrübənin əsas məsələləri üzrə təsdiqlənmiş təfsirlər təqdim ediləcək.

Mürəkkəb və fərdi sorğular ilahiyyatçılara yönləndiriləcək. Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi, həmçinin sistemin idarəetmə strukturu daxilində inkişaf etdirildiyini, daxili sınaqdan keçirildiyini və daimi mütəxəssis nəzarəti altında olduğunu qeyd edib.

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi əvvəlcədən bu ilin may ayında pilot layihəyə başlamaq planlarını açıqlamışdı.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Chosen
47
azertag.az

1Sources