EN

Bakı Roma əməkdaşlığı: yaşıl enerji və geosiyasi maraqların kəsişməsi

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana planlaşdırılan səfəri Bakı–Roma münasibətlərində siyasi dialoqun daha da intensivləşdiyini göstərir. Bu səfər həm ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həm də strateji tərəfdaşlığın yeni mərhələyə keçməsi baxımından əhəmiyyətli hesab olunur. Yanvarda qəbul edilmiş 2026–2027-ci illər üzrə Birgə Fəaliyyət Planı iki ölkə arasında əməkdaşlığın sistemli və uzunmüddətli çərçivədə davam etdirilməsini hədəfləyir. Sənədə əsasən, 18 istiqamət üzrə 65 tədbirin həyata keçirilməsi iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müasir dövrdə Azərbaycan–İtaliya münasibətlərinin inkişafı təkcə ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, eyni zamanda Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından da mühüm rol oynayır. Bu baxımdan iki ölkə arasında formalaşmış əməkdaşlıq modeli regional və qlobal səviyyədə diqqət çəkən nümunələrdən biridir. 2015-ci ildə imzalanan ilk strateji tərəfdaşlıq sazişi, 2018-ci ildə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli əlaqələri yeni müstəviyə daşıyıb.

Deputat qeyd edib ki, enerji sektoru Azərbaycan–İtaliya əməkdaşlığının əsas strateji istiqamətlərindən biri kimi çıxış edir. Xəzər hövzəsinin zəngin enerji resursları Avropa üçün alternativ və etibarlı mənbə rolunu oynayır. Bu baxımdan Trans-Adriatik Boru Kəməri Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir.

“İtaliya Azərbaycan qazının Avropaya nəqlində həm əsas tranzit ölkə, həm də ən böyük istehlakçılardan biri kimi çıxış edir. Bu əməkdaşlıq güclü tərəfdaşlıqdan xəbər verir və Azərbaycan ilə İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir. Bu amil iki ölkə arasında enerji sahəsində qarşılıqlı etimadı daha da artıraraq strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir. Eyni zamanda Azərbaycanın ‘yaşıl enerji’ strategiyası, xüsusilə külək və günəş enerjisi, eləcə də hidrogen layihələri İtaliya şirkətləri ilə yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına zəmin yaradır. Bu isə tərəfdaşlığın yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmadığını, davamlı və innovativ inkişaf modelinə doğru genişləndiyini göstərir”, — deyə deputat bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan ilə İtaliya arasındakı münasibətlər klassik diplomatik əlaqələrin çərçivəsini aşaraq enerji, iqtisadiyyat, siyasət, mədəniyyət, nəqliyyat və humanitar sahələri əhatə edən çoxşaxəli və uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevrilib. Bu tərəfdaşlıq həm iki ölkənin milli maraqlarının təmin olunmasına, həm də Avropa və Cənubi Qafqaz regionlarının sabitliyinə mühüm töhfə verir.

“Bu ilin yanvar ayında Bakıda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçirilib və iclasın yekunu olaraq 2026–2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib. Bu günlərdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında keçirilən görüşdə regional və beynəlxalq məsələlər, eləcə də siyasi və iqtisadi əməkdaşlığın strateji sahələrində tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib. İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana nəzərdə tutulan səfəri və yanvar ayında imzalanmış Fəaliyyət Planının icrası ətrafında da fikir mübadiləsi aparılıb”, — deyə Vüqar Rəhimzadə qeyd edib.

Deputat hesab edir ki, həm imzalanmış Fəaliyyət Planının icrası, həm də Corcia Meloninin Azərbaycana nəzərdə tutulan səfəri Azərbaycan–İtaliya münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər çərçivəsində siyasi dialoqun daha da intensivləşməsi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi, həmçinin yeni strateji razılaşmaların əldə olunması üçün əlverişli zəmin formalaşır.

Ümumilikdə, gözlənilən səfər Azərbaycan–İtaliya əlaqələrinin strateji xarakterini daha da gücləndirəcək. Mövcud dinamika göstərir ki, bu münasibətlər gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Azərbaycan ilə İtaliyanı möhkəm dostluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq birləşdirir. İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Aİ ölkələri arasında onun əsas tərəfdaşlarından biridir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
bizimyol.info

1Sources