EN

Özəl məhkəmə ekspertləri doğru qərar verəcəkmi?

Azərbaycan məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə qəbul edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya" ekspertiza xidmətlərinin keyfiyyətinin artırılmasını, beynəlxalq standartlara uyğunlaşdırılmasını və institusional imkanların genişləndirilməsini nəzərdə tutur.

Konsepsiyada xüsusi yer tutan istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyətə başlaması və inkişafıdır.

Həmçinin bildirilir ki, bu institutun tətbiqi məhkəmə ekspertizası sahəsində alternativliyi təmin etməklə yanaşı, ekspertiza xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, işlərin baxılma müddətinin qısaldılmasına və məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə mühüm töhfə verəcək.

Özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması həmçinin rəqabətli mühitin formalaşmasına şərait yaradacağı, bu isə ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovativ yanaşmaların tətbiqinə, eləcə də beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan verəcəyi deyilir.

Qeyd edək ki, hazırda Azərbaycanda dövlət məhkəmə ekspertizası fəaliyyəti əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilir. Bu qurum mülki, cinayət və digər işlər üzrə elmi-texniki tədqiqatlar aparır, ekspert rəyi verir. Fəaliyyət "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunla nizamlanır.

Özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması hansı hansı imkanlar yaradacaq? Bu, hadisələrlə bağlı qeyri-obyektiv nətcələrə səbəb ola bilərmi?

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, bu ümumiyyətlə, məhkəmə sisteminin ən ağrılı məsələlərindən biridir:

“Heç bu gün dövlətin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəylərə etibar yoxdur. Hazırda mən bir məhkəmə işinə baxıram. Aşkar saxta imzaya həmin Ekspert Mərkəzi deyib ki, “doğrudur”. İndi mən onunla bağlı şikayət edəcəm. Özəl ekspertiza da yaradılsa, eyni vəziyyət olacaq. 

Məsələn, hazırda qiymətləndirmə sahəsində də belədir. O da bir növ ekspertizadır. Eyni əmlaka fərqli qiymətləndirici şirkətlər tam fərqli qiymətlər bildirirlər. Yəni çox kəskin fərqlər olur. Bir şirkət deyir ki, 1 miyon, digəri isə 10 milyon deyir. 

Ekspertiza da özəl olsa, yəqin ki, orada da  eyni vəziyyət olacaq. Hesab edirəm ki,  dövlət və yaxud özəl olmasının fərqi yoxdur, ekspertin cinayət məsuliyyətini artırmaq lazımdır. Bəlkə bu halda nə isə nəticə olar”. 

Chosen
26
1
cebheinfo.az

2Sources