Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 30 aprel, AZƏRTAC
WUF13-ün Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə təşkil olunması yalnız beynəlxalq tədbirin keçirilməsi kimi deyil, həm də regionun geosiyasi və inkişaf gündəliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu hadisə region ölkələrinə yerli inkişaf prioritetlərini qlobal məqsədlərlə uzlaşdırmaq, xüsusilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində şəhərsalma siyasətlərini daha sistemli və məqsədyönlü şəkildə qurmaq üçün mühüm imkan yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O bildirib ki, Azərbaycan üçün bu platforma dövlət maraqları baxımından çoxşaxəli strateji əhəmiyyət daşıyır. İlk növbədə, WUF13 ölkəmizin beynəlxalq arenada artan rolunu və təşəbbüskarlıq qabiliyyətini bir daha nümayiş etdirir. Bakı kimi dinamik inkişaf edən paytaxtın belə nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycanın regionda lider mövqeyini möhkəmləndirməklə yanaşı, onu urban inkişaf və dayanıqlı şəhərsalma sahəsində nümunəvi model kimi təqdim edir. Region ölkələri üçün bu forum yerli çağırışların urbanizasiyanın sürətlənməsi, infrastrukturun modernləşdirilməsi, sosial bərabərliyin təmin olunması və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması kimi məsələlərin qlobal təcrübə ilə uzlaşdırılması baxımından mühüm platformadır. Bu kontekstdə Bakı yalnız ev sahibi deyil, həm də təşəbbüskar və istiqamətverici rol oynayır.
Deputat qeyd edib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı şəhərsalma layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “yaşıl enerji zonası” konsepsiyaları region üçün praktiki nümunə kimi çıxış edir. Eyni zamanda, WUF13 regional əməkdaşlığın dərinləşdirilməsi baxımından yeni imkanlar açır. Şəhər idarəçiliyi, nəqliyyat, kommunal xidmətlər və rəqəmsal transformasiya sahələrində təcrübə mübadiləsi region ölkələri arasında daha koordinasiyalı yanaşmanın formalaşmasına xidmət edəcək. Bu isə uzunmüddətli perspektivdə sabitlik, iqtisadi inteqrasiya və qarşılıqlı asılılığın artması baxımından Azərbaycanın strateji maraqlarına cavab verir.
V.Qafarov, həmçinin vurğulayıb ki, Forumun digər mühüm aspekti investisiya imkanlarının genişləndirilməsi ilə bağlıdır. Beynəlxalq təşkilatların, maliyyə institutlarının və investorların iştirakı şəhər infrastrukturu və dayanıqlı inkişaf layihələrinə əlavə maliyyə resurslarının cəlb olunmasına şərait yaradacaq. Bu isə Azərbaycanın urban inkişaf strategiyalarının daha sürətli və səmərəli şəkildə reallaşdırılmasına imkan verəcək. Bütün bunların fonunda WUF13 Azərbaycanın yaşıl inkişaf, rəqəmsal transformasiya və dayanıqlı şəhərsalma sahələrində irəli sürdüyü konseptual yanaşmaların beynəlxalq səviyyədə tanıdılması üçün mühüm tribuna rolunu oynayır. Bu, həm də ölkəmizin yumşaq güc potensialını artıraraq onu regionda ideya və təşəbbüs ixrac edən əsas aktorlardan birinə çevirir.
“WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün yalnız nüfuz məsələsi deyil, həm də uzunmüddətli milli maraqlara xidmət edən strateji platformadır. Bu tədbir vasitəsilə ölkəmiz regionun inkişaf gündəliyinin formalaşmasında daha fəal iştirak edir, beynəlxalq əməkdaşlığı genişləndirir və davamlı şəhərsalma sahəsində lider mövqeyini daha da möhkəmləndirir”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.