Araşdırmalar göstərir ki, qadınlar İİ-nin dəqiqliyinə şübhə edir, ondan istifadəni aldadıcı hesab edir və avtomatlaşmanın ən çox onların iş sahələrinə təsir edəcəyindən narahatdırlar..
Poliqon xəbər verir ki, süni intellektdən iş yerində aktiv istifadə etmə baxımından kişilər və qadınlar arasında ciddi fərq mövcuddur. Bloomberg Agentliyinin yazdığına görə, bu “cinsiyyət fərqi” qadınların texnologiyaya daha ehtiyatlı yanaşması ilə bağlıdır.
LeanIn.Org təşkilatının araşdırması göstərib ki, kişilər qadınlardan 22 faiz daha çox iş yerində süni intellektdən aktiv şəkildə istifadə edirlər. Eyni zamanda, qadınlar kişilərə nisbətən daha çox süni intellektin təhdid olduğunu hiss edir, onun dəqiqliyinə şübhə edir və İİ-dən istifadələrinin aldadıcı hesab ediləcəyindən qorxurlar.
Mart ayında keçirilmiş başqa bir sorğuya əsasən, qadınların 61 faizi süni intellektin onların həyatına faydadan çox zərər gətirəcəyini gözləyir. Kişilər arasında bu nisbət 49 faiz təşkil edir.
Ekspertlər bildirirlər ki, qadınların bu texnologiyaya xüsusi ehtiyatla yanaşması üçün ciddi səbəblər var. 2025-ci ildə keçirilmiş araşdırmada məlum olub ki, kod yazmaq üçün süni intellektdən istifadə edən qadın proqramçılar kişi həmkarları ilə müqayisədə daha az bacarıqlı kimi qəbul edilə bilər.
Bundan əlavə, Brukinqs İnstitutunun son araşdırması göstərir ki, avtomatlaşma ən çox ofis işləri kimi əsasən qadınların çalışdığı sahələrə təsir edəcək. Bu da gələcəkdə əmək bazarında cinsiyyət əsaslı bərabərsizliyin daha da dərinləşməsi riskini yaradır.
Poliqon.info