EN

Paşinyanın milyarder rəqibi ev dustqalığında qaldı - Karapetyanla bağlı qərar dəyişmədi

İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Nikol Paşinyanın əsas rəqiblərindən biri, rusiyalı milyarder və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan barəsində ev dustaqlığı qərarını qüvvədə saxlayıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bununla da məhkəmə müdafiə tərəfinin onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin inzibati nəzarətlə əvəz edilməsi barədə vəsatətini rədd edib.

Müdafiə tərəfi izah edib ki, vəsatət qismən Karapetyana mayın 7-də, ölümünün ildönümündə atasının məzarını ziyarət etməyə icazə verilməsi üçün verilib.

İş adamı Samvel Karapetyan 2025-ci ilin iyununda din xadimləri ilə hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsinə açıq dəstək verdikdən sonra həbs edilib. Karapetyan hökumətin hərəkətlərini siyasi təzyiq kimi göstərərək ittihamları rədd edib.

Erməni mediası bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan kilsəyə dəstək bəyanatından sonra sosial şəbəkələrdə din xadimləri və xeyriyyəçilər haqqında bir sıra təhqiramiz şərhlər yerləşdirərək, geniş ictimai etirazlara səbəb olub. Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2-ci və 3-cü bəndləri ilə yeni ittihamlar irəli sürülüb: “Rəsmi və ya rəsmi səlahiyyətlərdən və ya onlara əsaslanan təsirlərdən istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması”. 2025-ci ilin dekabrında onun barəsində onun cəzası ev dustaqlığı ilə əvəzlənib.

Musavat.com

Chosen
20
2
musavat.com

4Sources