EN

Süni intellekt həqiqətənmi beynimizi yükləyir?

Yeni araşdırmanın nəticələrinə əsasən, süni intellekt alətlərindən intensiv istifadə edən əməkdaşlarda zehni yorğunluq və “beyin yanması” kimi xarakterizə olunan vəziyyət müşahidə olunur. “Harvard Business Review” tərəfindən aparılan tədqiqat çərçivəsində müxtəlif sahələrdə çalışan təxminən 1500 nəfər arasında sorğu keçirilib.

Araşdırmanın nəticələri göstərir ki, süni intellekt alətlərinə daimi nəzarət və onların idarə olunması əməkdaşlarda ciddi koqnitiv yüklənməyə səbəb olur. Bu vəziyyət diqqətin cəmlənməsində, qərarvermədə çətinlik və zehni bulanıqlıq hissi ilə müşayiət edilir. İştirakçılar arasında baş ağrısı, düşünmə prosesində qarışıqlıq və diqqət dağınıqlığı kimi əlamətlər geniş yayılıb. Bəzi respondentlər bu halı “zehni yüklənmə” və ya eyni vaxtda çoxsaylı məlumat axınının yaratdığı qarışıqlıq kimi təsvir ediblər.

Nəticələrə görə, “beyin yanması” ən çox marketinq sahəsində çalışanlar arasında qeydə alınıb. Bununla yanaşı, insan resursları, maliyyə və proqramlaşdırma sahələrində çalışanlar da bu problemlə tez-tez üzləşirlər. Tədqiqat həmçinin göstərir ki, bu cür zehni yüklənmə iş yerində səhvlərin artması ilə birbaşa əlaqəlidir. “Beyin yanması” yaşayan şəxslər digərləri ilə müqayisədə daha çox səhv etdiklərini bildiriblər.

Mütəxəssislər qeyd edirlər ki, bu vəziyyət klassik “tükənmişlik sendromu”ndan fərqlənir. Bu, daha çox emosional yorğunluqla bağlı olduğu halda, “beyin yanması” isə qısa müddətdə yaranan güclü zehni yüklənmə kimi qiymətləndirilir.

Şahnigar Əhmədova, “İki sahil”

Chosen
58
ikisahil.az

1Sources