Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Dünya sürətlə dəyişir. Süni intellekt texnologiyaları həyatın bütün sahələrinə nüfuz edir, kosmik layihələr artıq nəzəriyyədən praktik mərhələyə keçir. Bu fonda cəmiyyətlərin diqqət mərkəzi də dəyişir, prioritetlər yenidən formalaşır. Lakin bizdə hələ də ictimai müzakirələrin əhəmiyyətli hissəsi daha çox məişət və görüntü üzərində qurulur. Azərbaycan gəncliyi həqiqətən texnoloji sıçrayışa hazırdır, yoxsa hələ də “diplom xatirinə oxumaq” yanaşmasının təsirindən tam qurtula bilməyib?Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında məsələ ilə bağlı bildirib ki, xəbərlərdə tez-tez azərbaycanlı gəncin Amerikanın nüfuzlu universitetlərindən birinə qəbul olduğunu görürük:“Hansı sahələr üzrə? Texnoloji sahələr üzrə informasiya texnologiyaları, riyaziyyat və bu kimi istiqamətlərdə. Bu nəyi göstərir? Bu onu göstərir ki, azərbaycanlı gənclərin bu sahələrdə ciddi istedadı var. Bu baxımdan birmənalı qərar vermək düzgün olmaz. Biz deyə bilmərik ki, gənclərimiz pozulub, avaradır, savadsızdır və ya texnoloji inkişafdan geri qalır. Qərar verərkən ehtiyatlı olmaq lazımdır. Şübhəsiz ki, təhsil sistemi gücləndirilməlidir. Eyni zamanda, yalnız qazanc məqsədi ilə fəaliyyət göstərən, keyfiyyətsiz təhsil verən bəzi universitetlər fəaliyyətini dayandırmalıdır. Lazım gələrsə, onların adlarını da çəkmək olar”.O deyib ki, müəllimlərinə 100-200 manat kimi aşağı maaş verən və özlərini ziyalı kimi təqdim edən bəzi universitet rəhbərləri cəmiyyət qarşısında ifşa olunmalıdır:“Bu cür universitetlərin fəaliyyətinə son qoyulmalıdır. Əsas məsələ təhsil sisteminin sağlamlaşdırılmasıdır. Bu gün bəzi tələbələr 150 balla universitetə yalnız diplom almaq üçün daxil olur. Bu yanaşma yanlışdır və dəyişməlidir. Sadəcə ad xatirinə ali təhsil almaq düzgün deyil. Belə hallarda peşə təhsili daha məqsədəuyğun seçim ola bilər. Müasir dövr praktik və praqmatik yanaşma tələb edir. Burada iki əsas məqam var. Birincisi, istedadlı gənclərimiz varmı? Bəli, var. Dünya səviyyəsində savadlı gənclərimiz kifayət qədərdir. İkincisi, bu gənclərin yetişməsi üçün mövcud təhsil sistemi yetərlidirmi? Xeyr, yetərli deyil. Sistem inkişaf etməli, universitetlərdə islahatlar aparılmalı, yüksək səviyyədə dəyişikliklər edilməlidir. Təhsilə layiqli insanlar rəhbərlik etməlidir. Əgər bu addımlar atılarsa, Azərbaycan təhsili ölkə iqtisadiyyatına real töhfə verə bilər. Necə ki, Milli Elmlər Akademiyasındakı çıxışında da qeyd olundu təhsil ilə sənaye bir-birinə inteqrasiya olunmalıdır. Təhsil, bazar və iqtisadiyyat arasında uyğunluq və qarşılıqlı əlaqə təmin edilməlidir. Məsələnin mahiyyəti sistem problemidir. Gənclərimiz istedadlıdır, sadəcə onlara düzgün istiqamət vermək və dəstək olmaq lazımdır”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.