EN

Renessans

“Sabah” tarixində ilk dəfə çempion oldu. Bu möhtəşəm nəticə “Qarabağ” kimi Çempionlar Liqasında əla çıxış edən rəqibə qarşı qazanıldı. Hörmət olunası və haqq edilmiş qələbədir.

“Sabah” rəhbərliyi illərdir bunun axtarışında idi. Uğur formulunu tapmaq asan deyil. Klubun nəticələrini yaxşı büdcəyə bağlayanlar var. Yalnış düşüncədir. Çünki futbolda nəticə qazanmaq bu qədər asan olmur.

Yaxşı büdcə ilə yanaşı, düzgün idarəedicilik də mütləqdir. Axtarış içərisində olmaq, öyrənmək, addım-addım irəliləmək vacibdir.

“Sabah” bunu bacardı. Klubun kifayət qədər yaxşı imkanla uğursuz olduğu dönəmlər də olub. Hər zaman diqqətdə, həmişə də tənqid hədəfində olublar. “Sabah” heç vaxt rahat deyildi.

Çünki yaxşı imkana sahib olmaq rahatlıqla bərabər, yüksək gözlənti və ciddi tənqiddir. Ancaq böyümək istəmək, bundan vaz keçməmək proritet olanda bütün krizisləri aşmaq mümkündür.

Sadəcə təmkinli qalmaq və daima yuxarını düşünmək lazım idi. Nəhayət, alındı.

Cari mövsüm klub ətrafında bir çox uydurma söz-söhbət gəzdi. Bundan sonra da davam edəcək. Bunu önünə keçmək, qarşısını almaq mümkün deyil. Cavabı nəticə ilə verəndən sonra qorxusu yoxdur. Rəhbərlik bu məsələlərdə soyuqqanlı olmalıdır. Emosiya motivasiyaya çevriləndə faydalı olur.

Təmkinli davranmaq, strategiyanı genişləndirmək, uğurun ardını gətirməyə köklənmək lazımdır.

İndidən “Sabah”ı daş-qalaq etmək üçün avrokubok oyunlarını gözləyənlər var. Olmalıdır da. Böyük klublar daima özlərini yaxşı tərəfdən göstərməlidir. Böyüməyin də bədəlləri var. Heç kim uğur pillələrini əlləri cibində çıxmır.

Daima təzyiq hiss edilməlidir. Sözün bütün mənalarında görüləsi günlər bundan sonra başlayır.

Valdas Dambrauskası, onu komandaya gətirən klub rəhbərliyinə təşəkkür düşür. Möhtəşəm iş görüblər.

“Sabah” indi bu tarixi nəticənin sevincini yaşasın. Haqq etdikləri çempionluğu günlərlə bayram etsin. Çünki bu klub yalnız çempion olmadı, Azərbaycan futboluna rəng qatdı, rəqabət gətirdi. Bu mövsüm sırf onlar sayəsində ölkə çempionatının bu qədər müzakirəsi aparıldı. “Sabah” sanki Azərbaycan futbolunda əsl bir renessans yaratdı.

Həsən Quluzadə

Chosen
22
idmanxeber.az

1Sources