EN

780 milyonluq ƏMƏLİYYAT: narkotik şəbəkəsi çökdürüldü

Türkiyədə genişmiqyaslı əməliyyat nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkəyə ciddi zərbə endirilib.

Musavat.com xəbər verir ki, İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə apardığı istintaq çərçivəsində Necati Arabacının rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ifşa olunub.

Araşdırma zamanı məlum olub ki, cinayətkar qrup Almaniya, Braziliya və İspaniya kimi ölkələrdə narkotik qaçaqmalçılığı əməliyyatları həyata keçirib. Təşkilatın eyni zamanda mübahisələr fonunda işgəncə və qəsdən adam öldürmə kimi ağır cinayətlərdə də iştirak etdiyi müəyyən edilib.

İstintaq çərçivəsində şəbəkənin maliyyə mexanizmi də üzə çıxarılıb. Müəyyən edilib ki, şübhəlilər müntəzəm olaraq pul toplayaraq bu vəsaitləri cinayət fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldiblər.

Əldə olunan məlumatlar əsasında İstanbul, İzmir və Tunceli şəhərlərində eyni vaxtda əməliyyatlar keçirilib. Əməliyyat nəticəsində 5 nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanları tərəfindən cinayət yolu ilə əldə edildiyi ehtimal olunan təxminən 780 milyon türk lirəsi dəyərində aktivlər müsadirə olunub. Müsadirəyə 22 daşınmaz əmlak, 7 nəqliyyat vasitəsi və 8 şirkətdəki səhmlər daxildir.

Saxlanılan şəxslər istintaq tədbirlərinin davam etdirilməsi üçün polis bölməsinə aparılıb.

Musavat.com

Chosen
30
musavat.com

1Sources