ABŞ-ın Hind-Sakit okean komandanlığının məsuliyyət zonasında tapşırıq yerinə yetirən "USS Higgins" esminesində ciddi yanğın hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, "CBS News" telekanalının yaydığı məlumata görə, hərbi gəminin göyərtəsində qəfil alovlanma qeydə alınıb. İlkin hesabatlara əsasən, yanğına elektrik avadanlıqlarındakı nasazlıq səbəb olub; qısaqapanma nəticəsində yaranan qığılcımlar və tüstülənmə enerji təchizatı kəsildikdən sonra dayandırılıb. Sevindirici haldır ki, hadisə zamanı ekipaj üzvlərindən xəsarət alan olmayıb.
Gəminin mətbuat xidmətindən verilən məlumata görə, hazırda esminesin elektrik təminatı və hərəkət qabiliyyəti tam bərpa edilib. Lakin strateji əhəmiyyətli döyüş gəmisində baş verən bu insident hərbi dairələrdə ciddi narahatlığa səbəb olub. Hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün xüsusi komissiya tərəfindən araşdırmalara başlanılıb.
Qeyd olunur ki, regionda gərginliyin artdığı bir vaxtda ABŞ-ın aparıcı hərbi gəmilərindən birində texniki qəzanın baş verməsi diqqətlə incələnməli olan məqamdır. Hazırda gəminin öz missiyasını davam etdirib-etdirməyəcəyi barədə əlavə məlumat verilmir. Hadisə yerinə əlavə texniki dəstək qruplarının cəlb olunduğu bildirilir.
Musavat.com