"Avropa Parlamentinin bu gün qəbul etməyə çalışdığı və faktiki olaraq uzunmüddətli qərəz təcrübəsinə əsaslanan Azərbaycana qarşı növbəti qərəzli kampaniyası davam edir. Sanki bunlar xor şəklində düzülüblər, müəyyən himayədarlarının təsiri ilə hər addımda təşəbbüs axtarışındadırlar və Azərbaycanı hədəfə alıblar. Əlbəttə, biz buna artıq məlum cavablar vermişik, bu cür yanaşmalara alışmışıq və belə hallara qarşı siyasi immunitetimiz çoxdan formalaşıb".
Redaktror.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Elşən Musayev bildirdi.
O qetd etdi ki, deyilir ki, Vaqif Xaçaturyan və digərləri guya ədalətsiz həbs olunub:
"Halbuki Vaqif Xaçaturyan və həmin şəxslər hərbi əsir deyil. Keçmiş iclasların birində Mircəlal müəllim bu barədə danışarkən həmin mövqeni müdafiə edənlərə və hörmətli palataya bildirmişdi ki, biz buna çox düzgün cavab verdik. Həmin cavabın mahiyyəti belə idi: əvvəlcə Azərbaycanın ərazi bütövlüyü anlayışını dəqiqləşdirin, hər paraqrafda fərqli mövqelər sərgiləməyin, ziddiyyətli yanaşmalar ortaya qoymayın, bundan sonra mövqe bildirin ki, deyilənlər məntiqli görünsün. İkincisi, iddia olunur ki, Qarabağda ermənilərin qərəzsiz qayıdışı təmin edilməlidir. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan adekvat dövlətdir, beynəlxalq hüquqa və ümumi qəbul olunmuş qaydalara hörmətlə yanaşır. Birgəyaşayış prinsipini daim əsas götürür və bu yanaşmanı öz ədaləti ilə davamlı şəkildə nümayiş etdirir. Lakin unudulur ki, 20-30 il ərzində erməni vandalizminə və işğalına son qoyulan zaman bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə qalan Avropa Parlamenti bu gün ziddiyyətli mövqe sərgiləyir. Üçüncüsü, iddia olunur ki, guya mədəni irs məhv edilib və ya məhv edilir. Bax bu yerdə bilmirsən güləsən, ya ağlayasan. Niyə? Çünki belə şeyi söyləmək üçün sözün gerçək anlamında abırsız olmaq lazımdır, və ya normal ağrı keçirməkdir ki, həmin kəlmələr dilə gələ bilsin".
NURİYYƏ