Bəzən ən ağır yük neqativ insanların yaratdığı enerjidir. Daim tənqid, aqressiya və mənfi düşüncə insanın emosional sağlamlığını zəiflədir. Özünü qorumaq üçün sərhəd qoymaq, ruhunu yoran insanlardan uzaq durmaq və daxili balansını qorumaq vacibdir.
Mövzu ilə bağlı “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılova QHT.az-a açıqlama verib.
Samirə İsmayılova bildirib ki, insanın daxili enerjisi onun düşüncə və emosiyalarından formalaşır: "Hər insanın daxilində bir enerji var — düşüncələri ilə formalaşan, emosiyaları ilə rənglənən bir enerji. Bəzi insanlar bu enerjini artırır, bəziləri isə fərqinə varmadan onu tükəndirir. Məhz neqativ insanlar da bu ikinci qrupa aiddir. Neqativ insan daim şikayət edən, ümidsizlik yayan, hər vəziyyətdə pis tərəfi görən və bunu başqalarına da ötürən insandır. Onun yanında uzun müddət qalanda insan özünü yorğun, səbəbsiz gərgin və hətta dəyərsiz hiss etməyə başlayır. Bu, təsadüf deyil — bu, psixoloji təsirdir".
S.İsmayılovanın sözlərinə görə, neqativ insanların təsiri insanın düşüncə tərzinə və həyata baxışına birbaşa təsir edir: "İnsan beyni “emosional yoluxma”ya çox açıqdır. Yəni ətrafımızdakı insanların hissləri və düşüncə tərzi bizə keçə bilir. Əgər siz tez-tez neqativ düşünən birinin yanındasınızsa, bir müddət sonra siz də fərq etmədən eyni prizmadan baxmağa başlayırsınız. Həyat daha ağır, insanlar daha yorucu, gələcək isə daha qeyri-müəyyən görünür".
Psixoloq vurğulayıb ki, neqativ insanlar ətrafındakı insanların enerjisini və motivasiyasını zəiflətməyə çalışa bilirlər: "Daha təhlükəlisi isə budur; neqativ insanlar çox vaxt sizi də öz səviyyələrinə çəkməyə çalışırlar. Sizin sevinciniz onları narahat edə bilər, motivasiyanız onları sıxa bilər. Ona görə də bəzən sizin işığınızı söndürməyə çalışarlar — tənqid, istehza və ya laqeydliklə. Amma burada vacib bir məqam var: problem sizin zəif olmağınız deyil, uzun müddət yanlış mühitdə qalmağınızdır".
Samirə İsmayılova qeyd edib ki, neqativ insanlarla münasibətdə emosional sərhədləri qorumaq vacibdir: "Neqativ insanlardan tam qaçmaq hər zaman mümkün olmur. Amma sərhəd qoymaq mümkündür. Hər eşitdiyinizi daxilinizə buraxmayın. Öz emosional sərhədlərinizi qoruyun. Siz hər kəsin yükünü daşımaq məcburiyyətində deyilsiniz. Özünüzü qorumaq eqoizm deyil — psixoloji sağlamlıqdır".
Fatimə Nəbiyeva