"Yayım Şurası olaraq, İTV-dəki prosesi yalnız müşahidə edə bilərik. Bilirsiniz ki, mayın 8-dək iddiaçılar ərizələrini Audiovizual Şuraya təqdim etməlidirlər. Şura ərizələri müvafiq hüquqi ekspertizadan keçirdikdən sonra Yayım Şurasına göndərəcək. Biz də yəqin ki, mayın sonuna, iyunun əvvəlində keçiriləcək toplantıda həmin ərizələrə baxacağıq. İddiaçıları dəvət edib onları dinləyəcəyik, suallarımız olsa, verəcəyik. Bundan sonrakı mərhələdə gizli səsvermə yolu ilə İctimai TV-yə yeni baş direktor seçəcəyik”.
Bu sözləri Pravda.az-a İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət deyib.

A.Həsrət bildirib ki, Yayım Şurası neytral mövqedən çıxış edir: “İddiaçıların hər hansı birinə bu və ya digər şəkildə rəğbət ifadə etsək, artıq bu, bizim obyektivliyimizi şübhə altına ala bilər. İndiki baş direktor Balakişi Qasımovun da iddiaçılar arasında olduğunu eşitmişik. Həmkarımız Taleh Şahsuvarlı da iddiasını ortaya qoyub. Ümumiyyətlə, Yayım Şurasının üzvü olaraq düşünürəm ki, kimin iddiası varsa, çəkinməsin. Həmişə tam obyektiv seçki keçirmişik. Bu dəfə də eyni qaydada keçirəcəyik”.
Aytəkin Qardaşova