"Mənə belə bir sual verildi ki, bu yeni qanuna edilən düzəlişlərdən sonra deputatların rayonlarda seçicilərlə görüşləri olmayacaqmı? Bundan sonra yalnız elektron vasitələrlə müraciət ediləcəkmi? Qətiyyən yox. Bu, səhv anlaşmadır. Əksinə, biz ayda minimum iki dəfə deputat olaraq seçicilərlə görüşməliyik".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Elman Nəsirov “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
O seçicilərə səsləndi ki, bundan sonra isə sizin imkanınız var ki, bütün dövlət qurumlarına ayrı-ayrılıqda müraciət etmək əvəzinə, vahid bir portala daxil olaraq, vahid pəncərə üzərindən müraciətinizi qeydiyyatdan keçirəsiniz:
"Bu isə həm proseslərin şəffaflığını, həm də aşkarlığını təmin edəcək. Burada sizi narahat edəcək heç bir məqam yoxdur. Hesab edirəm ki, insanlara bunu izah etməyə ehtiyac var: bu sistem fiziki ünsiyyəti qətiyyən istisna etmir. Siz istənilən deputatla, istənilən nazirlə və ya dövlət qurumunun nümayəndəsi ilə şəxsən görüşə bilərsiniz, onlar sizi qəbul edə, fikirlərinizi və qayğılarınızı dinləyə bilərlər. Sadəcə bu, bir dövlət siyasəti və eyni zamanda ictimai sifarişdir ki, istiqamət rəqəmsallaşmaya yönəlib və biz bu yolla irəliləyirik. Tamamilə normaldır ki, istənilən yeni ideyaya bəzən müəyyən etirazlar olur və insanlar suallar verir. Mən keçən dəfə konfransların birində də qeyd etmişdim: Cəlilabadda bir kənddə seçicilərlə görüşə gedərkən, gördüm ki, bankomatın yanında insanlar toplaşıb və ancaq bir nəfər bankomatdan pul çıxarır. Səbəbini soruşanda dedilər ki, həmin şəxs onların kartlarını götürür, bankomata salır, pullarını çıxarır və onlara verir. Bu, tək-tük hallardan idi. Amma bu gün görürük ki, kənddə yaşayan yaşlı qadınların da hamısı öz kartlarından istifadə edir, hətta artıq elə hallar var ki, başqası maaşı götürüb təqdim etsin.
Yəni insanlar artıq hər şeyi öyrənirlər. Hesab edirəm ki, ilk baxışda çətin görünə bilən bu yeni sistemdən qorxmağa ehtiyac yoxdur. “Mən bunu elektron qaydada necə edim?” kimi düşüncələrdən uzaqlaşmaq lazımdır. Çox qısa zamanda bu sistemə adaptasiya olmaq mümkündür. Orada çətin heç nə yoxdur. Əsas niyyət ondan ibarətdir ki, vətəndaş məmnunluğu təmin edilsin. Vətəndaşın müraciəti öz ünvanına sürətlə çatsın, ona operativ reaksiya verilsin, eyni zamanda prosesin monitorinqi və izlənməsi mümkün olsun. Nəticədə vətəndaş və seçici görsün ki, “Vətəndaşların müraciətləri haqqında” qanuna edilən dəyişikliklərdən sonra işlər daha yaxşı gedir və problemlər daha sürətlə həll olunur. Rəqəmsallaşma artıq zamanın tələbidir və biz də dünyanın seçdiyi bu yolla irəliləyirik. Məqsədimiz bu istiqamətdə daha ciddi addımlar atmaqdır. Dövlət başçısının siyasəti və fəlsəfəsi də məhz bundan ibarətdir. Biz müasir və modern dövlət quruculuğu istiqamətində addımlarımızı davam etdiririk. İnanırıq ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununa edilən müvafiq dəyişikliklər nəticə etibarilə vətəndaş məmnunluğunun daha da yüksəlməsinə xidmət edəcək".
NURİYYƏ