Mən gəldiyim ölkə - Reyunyon adası hələ də Fransanın müstəmləkəsidir. Bizim gəncliyimizin və mübarizəmizin əsas məqsədi ölkəmizin müstəqilliyinə nail olmaqdır. Bu, Reyunyon xalqı üçün ləyaqət məsələsidir. Çünki bu, taleyimizi öz əlimizə almaq və ölkəmizdə yeni iqtisadi, siyasi və təhsil sistemi qurmaq deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Reyunyonda "Ka-Ubuntu" azadlıq hərəkatının həmtəsisçisi və sədri Romain Katambara “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunda bildirib.
O, çıxışına belə davam edib: "Reyunyonun Fransanın müstəmləkə mülkü olaraq qalması XXI əsrdə qəbuledilməzdir, çünki bölgəmizdəki ölkələr, məsələn, Mavriki, Seyşel adaları, Qəmər adaları (Komor adaları) Madaqaskar müstəqil dövlətlərə çevriliblər. Lakin mənim ölkəm Reyunyon hələ də Fransa tərəfindən siyasi, iqtisadi və mədəni baxımdan idarə olunur və asılı vəziyyətdədir. Məhz buna görə biz "Ka-Ubuntu" hərəkatını yaratdıq. Onilliklərdir xalqımızın üzləşdiyi ədalətsizlikləri görərək buna etiraz etdik. Reyunyondan və diaspordan olan gənc qardaş və bacılarımızla birlikdə ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə başladıq. Çünki bizim üçün müstəmləkəçilik xalqımızı içdən yeyən bir xərçəngdir və bunun yeganə müalicəsi müstəqillikdir".