İran ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi ABŞ-yə xəbərdarlıq edib. O bildirib ki, Vaşinqton tərəfindən Tehrana qarşı hər hansı yeni təcavüz ABŞ üçün fəlakətlə nəticələnəcək. İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani isə öz növbəsində ABŞ-nin hərbi əməliyyatları bərpa edəcəyi halda dərhal cavab veriləcəyini deyib.
"Əgər onlar bizə tərəf daha bir addım atarlarsa, anında operativ tədbirlər görəcəyik", - İrani qeyd edib.
Bu arada, ABŞ-yə məxsus "RC-135 Rivet Joint" strateji kəşfiyyat təyyarəsinin Yaxın Şərqə doğru istiqamət aldığı bildirilir.
Bu barədə OSINT (açıq mənbələr əsasında kəşfiyyat) mənbələri məlumat yayıb.
Hərbi ekspertlərin fikrincə, bu tip kəşfiyyat texnikasının bölgəyə dislokasiyası potensial hərbi zərbə və ya münaqişənin kəskin şəkildə eskalasiyası ərəfəsində atılan hazırlıq addımı hesab oluna bilər. Hazırda təyyarənin bölgədəki hərəkəti və kəşfiyyat fəaliyyəti beynəlxalq müşahidəçilər tərəfindən yaxından izlənilir.

Politoloq Kənan Novruzov Musavat.com-a ABŞ-İran savaşının başlandığı 28 fevral tarixindən bu günə qədər yaşananları sadalayıb:
"Məlumdur ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Media yazıb ki, aprelin 27-də İslamabadda İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.
Dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb. Danışıqlar passiv mərhələdədir. Bunun əsas səbəbi ABŞ və İranın öz mövqelərindən geri çəkilmək istəməməsidir. Hər iki tərəf özünü qalib elan edir. Hərçənd müharibənin qalibi olmadı. Nə Tehran nəsə qazandı, nə də Vaşinqton. Növbəti eskalasiya tərəflərdən ikisinə də sərf etmir. Əgər müharibə bərpa olunsa, yəqin ki, hər iki tərəf üçün daha ağrılı olacaq. Müəyyən qüvvələr, o cümlədən İsrail və Rusiya savaşın balanmasında maraqlıdırlar. Bu baxımdan üçüncü tərəflər müəyyən təxribat törədə bilərlər. ABŞ və İsrail bunu nəzərə almalı, radikal ritorikadan uzaqlaşıb konstruktiv mövqe sərgiləməlidirlər. İndi nə ABŞ, nə də İran oyun qaydalarını diktə edə biləcək gücdədir".
Cavanşir ABBASLI
Musavat.com