Bakı, 1 may, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BİT) ekspertləri, o cümlədən innovasiya ekosisteminin fəal üzvlərinin iştirakı ilə BTİ Regional Akselerasiya Mərkəzinin gələcək fəaliyyətinə dair onlayn görüş keçirilib.
İRİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə mərkəzin məqsədləri, missiyası, idarəetmə modeli və funksional istiqamətləri üzrə ekosistem iştirakçılarının rəyləri toplanılıb və geniş fikir mübadiləsi aparılıb. Belə ki, BTİ Regional Akselerasiya Mərkəzinin əsas prioritetləri startapların, biznes subyektlərinin, dövlət qurumları və təhsil müəssisələrinin əməkdaşlığı vasitəsilə innovativ sahibkarlıq potensialının gücləndirilməsi, ekosistemdə bilik və təcrübə mübadiləsinin, eləcə də beynəlxalq şəbəkələşmənin təşviq edilməsi kimi müəyyənləşdirilib.
BTİ Regional Akselerasiya Mərkəzinin MDB bölgəsində ilk olaraq Azərbaycanda açılması da müstəsna əhəmiyyət kəsb edir. Bakıdakı Mərkəz Cənubi Qafqaz və Mərkəzi Asiyanın innovativ ekosistemlərinin əməkdaşlığını gücləndirəcək, startaplar, KOB-lar, böyük şirkətlər, dövlət qurumları, universitetlər, tədqiqatçılar, investor və QHT-lərin regional innovasiya layihələrinə inteqrasiyasını sürətləndirəcək. Bununla yanaşı, innovasiya ekosistemində bazar və maliyyə əlçatanlığı, infrastruktur imkanları və insan kapitalının inkişafı təşviq ediləcək.
Qeyd edək ki, BTİ-nin Regional Akselerasiya Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan BTİ arasında strateji əməkdaşlıq çərçivəsində 2025-ci ildə təsis edilib.