EN

Dünyanın qəbul etdiyi reallıq: Diplomatik səfərlər və Böyük Qayıdışın strateji Əhəmiyyəti

Son illərdə regionda baş verən geosiyasi dəyişikliklər və postmünaqişə mərhələsinə keçid Azərbaycanın qarşısında yeni reallıqlar və vəzifələr formalaşdırıb. 

Xüsusilə Qarabağ bölgəsində uzun illər davam etmiş işğalın sona çatması ilə həm siyasi, həm də sosial-iqtisadi müstəvidə yeni mərhələnin əsası qoyulub. 

Bu mərhələ təkcə ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır, eyni zamanda dağıdılmış ərazilərin yenidən qurulması, həyatın bərpası və beynəlxalq ictimaiyyətə regionun real vəziyyətinin çatdırılması kimi mühüm istiqamətləri əhatə edir. 

Məhz bu kontekstdə diplomatik korpus nümayəndələrinin bölgəyə səfərləri və genişmiqyaslı bərpa-quruculuq işləri xüsusi əhəmiyyət kəsb edir. Bu proseslər həm Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsinə, həm də Qarabağın gələcək inkişaf modelinin formalaşdırılmasına xidmət edən əsas amillərdən biri kimi çıxış edir. 

Deputat Jalə Əliyeva “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Xocalı şəhərinə səfəri bir neçə mühüm siyasi və informasiya xarakterli məqamı özündə birləşdirir:

“İlk növbədə, bu səfər beynəlxalq ictimaiyyətin Qarabağ reallıqları ilə yerində tanış olması baxımından xüsusi əhəmiyyət daşıyır. Uzun illər ərzində Qarabağ haqqında formalaşmış birtərəfli və bəzən təhrif olunmuş təsəvvürlər belə səfərlər vasitəsilə real faktlarla əvəz olunur. 

Diplomatik nümayəndələr dağıdılmış şəhərləri, o cümlədən Xocalıda törədilmiş dağıntıları öz gözləri ilə görərək obyektiv qiymətləndirmə imkanı əldə edirlər. İkincisi, bu səfər Azərbaycanın açıq və şəffaf siyasət apardığını nümayiş etdirir. 

Rəsmi Bakı bölgədə baş verənləri gizlətmir, əksinə, beynəlxalq tərəfdaşları yerində müşahidəyə dəvət edir. Bu isə ölkənin mövqeyinin güclənməsinə və informasiya müharibəsində üstünlük qazanmasına xidmət edir. Üçüncüsü, səfər həm də mühüm siyasi mesajdır: 

Qarabağ artıq münaqişə zonası deyil, bərpa və inkişaf mərhələsinə qədəm qoymuş bir regiondur. Diplomatik korpusun Xocalıya səfəri bu reallığın beynəlxalq səviyyədə qəbul olunmasına töhfə verir. 

Ermənistanın işğalı dövründə viran qoyulmuş ərazilərdə, xüsusilə Qarabağ bölgəsində bu gün həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır. 

İlk olaraq, infrastruktur layihələri – yollar, hava limanları, enerji xətləri və kommunikasiya sistemləri – bölgənin iqtisadi dirçəlişinin əsasını təşkil edir. Bu layihələr sayəsində Qarabağ Azərbaycanın ümumi iqtisadi sisteminə inteqrasiya olunur və investisiya üçün cəlbedici məkana çevrilir. 

İkinci mühüm məqam sosial həyatın bərpasıdır. Yeni yaşayış məntəqələrinin salınması, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını sürətləndirir.

Bu isə bölgədə demoqrafik və sosial balansın bərpasına gətirib çıxarır. Üçüncüsü, həyata keçirilən layihələr regionda davamlı sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir”. 

Deputat qeyd edib ki, bərpa prosesi yalnız fiziki infrastrukturun qurulması deyil, həm də iqtisadi aktivliyin artması, məşğulluğun təmin olunması və ümumilikdə həyatın normallaşması deməkdir. Bir əhəmiyyətli məqamı da qeyd edək: bu proses beynəlxalq ictimaiyyətə Azərbaycanın regionda uzunmüddətli inkişaf və sabitlik strategiyasına sadiq olduğunu göstərir. 

Qarabağımız bu gün 30 illik vandalizm və dağıntılar məkanından inkişaf və yenidən doğuluş simvoluna çevrilməkdədir”. 

Chosen
25
1
cebheinfo.az

2Sources