EN

Seçkiqabağı gərginlik artır: Rusiyadan Ermənistana yeni sanksiyalar

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Rusiya Ermənistana qarşı yeni sanksiya paketi hazırlayır və bu siyahılar artıq  açıq müzakirə olunur".

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” nəşri belə yazır. 

Adıçəkilən qəzet rəsmi Moskvanın Ermənistana növbəti sanksiyalar tətbiq etmək qərarını Ermənistan hakimiyyətinin anti-Rusiya fəaliyyəti ilə izah edir. 

“Bundan başqa, Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana səfəri də Rusiya əleyhinə fəaliyyətə təhrik edən addımlardan biri kimi qiymətləndirilir. 

Beləliklə, Rusiya tərəfi Ermənistandan Rusiyaya mövsümi kənd təsərrüfatı məhsulları və gül idxalına, həmçinin müəyyən mədən məhsullarının (molibden filizi, dekorativ daş və s.) alınmasına məhdudiyyətlər qoymağı nəzərdə tutur.  

Digər, daha təhlükəli paket Metsamor Atom Elektrik Stansiyasından nüvə tullantılarının utilizasiyası ilə bağlı müqavilələrin yenidən nəzərdən keçirilməsi ilə bağlıdır. Başqa sözlə, Ermənistandan artıq tullantılar ixrac edilməyəcək və ölkəmizdə onların utilizasiyası üçün lazımi şərait yoxdur ki, bu da ekoloji fəlakətə səbəb ola bilər.

Bundan başqa, erməni iş adamlarının və dövlət məmurlarının Rusiya Federasiyasındakı daşınmaz əmlakına və maliyyə aktivlərinə fərdi məhdudiyyətlərin qoyulması, bəzilərinin Rusiya Federasiyasından nümayişkaranə şəkildə çıxarılması, giriş qadağaları və s. mövcuddur”,- deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan “Jermuk”  mineral sularının idxalına qadağa qoyub. Sanksiyalar siyahısının genişlənməsi iki ölkə arasındakı münasibətlərin daha gərgin mərhələyə daxil olmasından xəbər verir. 

Ermənistana qadağaların Ukrayna Prezidentinin mümkün səfəri ilə əlaqədar olması inandırıcı görünmür. Əvvəla, Zelenskinin Avropa İttifaqı Siyasi Şurasının sammitində iştirak etmək üçün Ermənistana səfər edəcəyi barədə xəbərlər təsdiq olunmayıb. 

Çünki Rusiya hərbi bazasının yerləşdiyi və Kremlin kəşfiyyat fəalaiyyətinin güclü olduğu Ermənistanda Prezident Zelenskinin təhlükəsizliyinin təmin olunması ciddi məsələdir. İkincisi, Zelenski bundan öncə Azərbaycana səfər etsə də, Rusiya eyni reaksiyanı vermədi. Yəni Ermənistana qarşı sanksiyaların tətbiqi başqa səbəblərlə bağlıdır.  

Kremlin bu mövqeyi ilk növbədə, Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə izah oluna bilər. Yəni iyunun 7-də keçiriləcək seçki prosesi Rusiyanın nəzarətindən kənar baş verir. Nikol Paşinyanın Moskva ilə razılaşdırılmamış  addımlar atmasına Rusiya iqtisadi sanksiyalarla cavab verir. 

Ermənistanın Baş naziri Rusiyanın seçkilərdə əsas namizədi hesab edilən milyarder Samvel Karapetyanı həbs etdirməklə deputat mandatından məhrum etməyə çalışır. Karapetyanın Ermənistanla yanaşı, Rusiya və Kipr vətəndaşı olması onun seçkilərə buraxılmaması üçün Paşinyana ciddi hüquqi arqument yaradıb. 

Prezident Vladimir Putin Nikol Paşinyanla aprelin 1-də keçirdiyi görüşdə ondan “həbsdəki Rusiya vətəndaşı olan dostunun seçkilərdə iştirakına şərait yaratmağı” xahiş etsə də, Ermənistanın Baş naziri bundan imtina edib. O bildirib ki, Ermənistan Seçki Məcəlləsinə görə, xarici ölkə vətəndaşları deputat və baş nazir ola bilməz. 

Çox güman ki, Rusiyanın Ermənistana qarşı son təzyiqləri də Putinin xahişinin rədd edilməsi ilə bağlıdır. Putin Ermənistanı Rusiyanın geosiyasi təsir zonası və vassalı hesab edir. 

Bu baxımdan, sanksiyalar bütün dünyanın gözü qarşısında onun sözünü yerə salıb “müstəqil Ermənistanın daxili işlərinə qarışma” mesajını verən Paşinyanı cəzalandırması kimi başa düşülə bilər. 

Lakin seçkilərdə Rusiyanın Ermənistandan narazılığı yalnız Samvel Karapetyanın həbsi ilə bağlı deyil. Rəsmi İrəvan seçkilərdə seçki prosesinə hibrid müdaxilənin və Rusiyanın potensial təsirinin qarşısını almaq üçün Ermənistana Avropa İttifaqının xüsusi mütəxəssislər qrupunu gətirib. 

Paşinyan hökuməti bununla Rusiyanın seçkilərdə mümkün təxribatlar törətmək və kibermüdaxilə yolu ilə səsvermənin nəticələrini dəyişmək imkanlarını bloklamağa çalışır. Ermənistan hökumətinin Rusiyanın namizədini prosesdən uzaqlaşdırması və seçkilərə nəzarəti Avropa İttifaqına verməsi Moskvada ciddi narazılıq doğurub. “Hraparak”ın sanksiyaları “anti-Rusiya fəaliyyət”lə əsaslandırması da bununla bağlıdır. 

Ermənistan hakimiyyəti ilə Rusiya arasında fikir ayırılığı qeyd edilən səbəblərlə yekunlaşmır. Rəsmi Moskva ABŞ-nin iştirakı ilə Zəngəzur dəhlizinin açılmasını Rusiyanın maraqlarına zidd hesab edir. 

Rusiya Cənubi Qafqazın əsas nəqliyyat-tranzit dəlizinə amerikalıların nəzarət etməsini qəbul etmir. Digər tərəfdən, Rusiya “Tramp marşrutu” layihəsinin Avrasiya İqtisadi İttifaqının ərazisində fərqli gömrük qyadalarının tətbiqi baxımından, parçalanma yaratdığını bildirir.   

Bundan başqa, Kreml Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə Rusiyanın regionda geosiyasi təsirini aradan qaldıran amil kimi baxır. Artıq idarəolunan sülh prosesi Rusiyanın əlindən çıxıb və seçkilərdə Paşinyan qalib gələcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsi imzalayacaq. 

Ona görə də Rusiya sülh prosesini əngəlləmək üçün seçkilərdə Kremlə bağlı olan bir şəxsin hakimiyyətə gəlməsinə ümid edir. Paşinyanın isə bütün inzibati və siyasi resurslardan istifadə edərək buna müqavimət göstərməsi Rusiyanı cavab addımı kimi sanksiyalara əl atmağa vadar edib. 

Müşfiq Abdulla  

Cebheinfo.az”

Açar sözlər:

seçki Rusiya Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
48
cebheinfo.az

10Sources